AZ

"BMT Təhlükəsizlik Şurasında Ukraynaya dair fövqəladə iclas keçirib" - Dünya KİV-ləri

 
"Ukrayna hərəkətə çağırır, Rusiya inkar edir, ABŞ sülh planını xatırladır..."
 
Avqustun 1-dəBMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili iclası keçirilib. Ukraynanın təşəbbüsü ilə toplanan bu iclas Rusiyanın Kiyevə son hücumlarına cavab olaraq təşkil olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə "un.org" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki,  Ukraynanın BMT-dəki nümayəndəsi Andrey Melnik "gecə diplomatiyası" ilə bu görüşü mümkün edib.
 
İclasda Avropa ölkələri Kiyev hökumətinə dəstək göstərib. Fransanın BMT-dəki nümayəndəsi Jerom Bonnafon Təhlükəsizlik Şurasını təcili atəşkəs qərarı qəbul etməyə çağırıb. O, vurğulayıb ki, BMT Nizamnaməsi onlara məsuliyyət yükləyir və dünya artıq bu məsuliyyətin yerinə yetirilməsini gözləyir.
 
Trampın təklifi sülh üçün son şansdır
 
ABŞ-ın müvəqqəti nümayəndəsi Doroti Şi Rusiyanın Kiyevə qarşı son ölümcül hücumunu qınayıb və iyul ayında Ukraynaya qarşı 6400-dən çox dron hücumu həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu rəqəm iyun ayı ilə müqayisədə 18 faiz çoxdur.
 
Şi vurğulayıb ki, bu müharibə heç vaxt başlamamalı idi və ABŞ prezidenti Donald Trampın iki gün əvvəl verdiyi bəyanatı xatırladıb. Tramp münaqişə tərəflərinə 10 gün ərzində sülh sazişi bağlamağı təklif edib, əks təqdirdə "qəti tədbirlər" görəcəyini bildirib. "Prezident Tramp bu münaqişədən çıxış yolu təklif edir və biz tərəfləri bu fürsətdən istifadə etməyə çağırırıq", - ABŞ rəsmisi qeyd edib.
 
Müdafiə mövqeyindən hücum ritorikasına
 
Rusiyanın nümayəndəsi Dmitri Polyanski isə hər zaman olduğu kimi təxribatçı ritorika sərgiləyib. O, Rusiya ordusunun yalnız "dəqiq zərbələr" endirdiyini iddia edib, mülki obyektlərə dəymiş ziyanı isə Ukrayna HHM sisteminin "qalıq effekti" ilə izah etməyə çalışıb.
 
Polyanski həmçinin Təhlükəsizlik Şurasını digər dünya münaqişələrinə qarşı laqeydlikdə günahlandırıb və Ukraynanın guya Rusiyanın mülki əhalisinə dron hücumları təşkil etdiyini irəli sürüb.
 
Dünya sükutda yox, qətiyyətdədir
 
Ukraynanın nümayəndəsi Kristina Qayovişin isə çıxışında Rusiyanı birmənalı şəkildə təcavüzkar adlandırıb. O, genişmiqyaslı hərbi müdaxilədən, ərazilərin işğalından, kiberhücumlardan və digər hüquq pozuntularından bəhs edərək, bunların sadəcə cinayətlərin siyahısı deyil, bir rejimin sivil dünyaya təhlükə olduğunu sübut etdiyini deyib.
 
31 iyul hücumlarına toxunan Qayovişin bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemləri zərbələrin çoxunu dəf etsə də, bir neçəsi hədəfə çatıb. Hücumdan iki gün əvvəl isə Moskva tərəfindən Zaporojyedəki cəzaçəkmə müəssisəsinə aviazərbə endirilib, nəticədə 16 nəfər həlak olub.
 
"Bunlar təsadüfi hadisələr deyil, bu, Kreml rejiminin sülh çağırışlarına qətllə cavab verdiyinin sübutudur", - Qayovişin vurğulayıb.O, Təhlükəsizlik Şurasını dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən qətnamə qəbul etməyə çağırıb. Çıxışında Qayovişin Putinin "ruslara sakitlik darıxdırıcı gəlir" fikrinə də toxunub və belə bir liderin və onun rejiminin imperialist məqsədlər güddüyünü söyləyib.
 
Kiyevdə qanlı səhər
 
İclasdan bir gün əvvəl,  31 iyul gecəsi Rusiya ordusu əvvəlcə dronlarla, sonra qanadlı raketlərlə və nəhayət, ballistik silahlarla Kiyevə hücum edib. Paytaxtın müxtəlif bölgələrində, xüsusilə Svyatoşin rayonunda yaşayış binaları dağıdılıb. Həlak olanlar arasında altı yaşlı karateçi Matvey Marçenko da olub. Ümumilikdə 31 nəfər ölüb, 159 nəfər yaralanıb. Yaralıların 16-sı uşaqdır. Bu hadisələr fonunda BMT-nin sülh çağırışları və Trampın təşəbbüsü dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Lakin reallıqda atəşkəs çağırışları hələ də silah səsləri arasında itib-batır.
Seçilən
26
moderator.az

1Mənbələr