AZ

Deputat: Mixalkovun sərsəmləməsi Azərbaycanın tolerant ölkə imicinə kölgə salmaq iqtidarında deyil

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunması Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindəndir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin çağırışlarında da bu məqam daim önə çəkilir:

"Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan tolerant ölkədir, bir qayda olaraq multikultural dəyərlərin inkişafına davamlı töhfələr verir. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi zəfərimiz Azərbaycanda milli birliyin hansı səviyyədə olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşiblər. Bu qələbədə, bu tarixi zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var. Azərbaycanda bütün xalqlar vahid, mehriban ailə kimi yaşayırlar. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də, buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik".

"Şübhəsiz ki, "özlərinin gözlərində tiri görməyib bizim gözümüzdə çöp axtaran", heç bir əsas olmadan Azərbaycanı guya millətlərarası ədavəti qızışdırmaqda ittiham edən rusiyalı rejissor Nikita Mixalkovun sərsəmləməsi Azərbaycanın tolerant ölkə imicinə kölgə salmaq iqtidarında deyil. Real olan budur ki, Rusiyada əsrlər boyu digər xalqlara qarşı şovinizm əhvali-ruhiyyəsi hökm sürüb və bu antibəşəri ənənə bu gün də davam etməkdədir. Bu baxımdan son zamanlar qonşu ölkədə müsəlman xalqlarına qarşı açıq təzyiqlərin geniş vüsət alması diqqətdən kənarda qalmır. Bu, son zamanlar şovinizm əhvali-ruhiyyəsinin meydan suladığı və bu səbəbdən də artıq dünya çapında təklənməkdə olan Rusiyada islamofobiyanın alovlanması deməkdir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklər bunun bariz nümunəsidir", - deyə millət vəkili vurğulayıb.

Parlamentari əlavə edib ki, bu kontekstdə Nikita Mixalkovun Azərbaycan-Rusiya münasibətlərinin hazırkı durumuna görə ölkəmizi ittiham etməsi təəccüb və təəssüf doğurmaya bilməz:

"Düşünürəm ki, rejissor Nikita Mixalkov Azərbaycanı millətlərarası münasibətlərdə, xüsusilə guya rus xalqına qarşı düşmən mövqedə olmaqda ittiham etməmişdən öncə özünün vətəndaşı olduğu Rusiyada cərəyan edən proseslərə diqqət yetirsə, ölkəsinin digər dövlətlərə və xalqlara yönəlik apardığı qərəzli təbliğatın kökündə hansı çirkin məqsədlərin dayandığının özünə "sirr", başqalarına nə qədər aydın olduğunu daha aydın şəkildə dərk edər".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr