AZ

Məhsul sahələrdə qalıb, alıcı tapılmır: Problemdən çıxış yolu nədir?

Azərbaycanda illərdir təkrarlanan mənzərə yenidən gündəmdədir — bəzi rayonlarda fermerlər satışa çıxara bilmədikləri meyvə-tərəvəzi dərələrə, çay kənarlarına atmaq məcburiyyətində qalırlar. Çətin və zəhmətli istehsal prosesi, ardından yığım işlərinin aparılması, son nəticədə isə çəkilən xərclərə rəğmən satış bazarlarının məhdud olması səbəbindən məhsulun dərəyə tökülməsi ictimaiyyəti də ciddi şəkildə narahat edir. Mövsüm zamanı məhsul bolluğundan necə faydalanmaq olar? Satış problemi yaşayan fermerlər üçün konserv zavodları niyə tikilmir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sitat.info-ya açıqlmasında bu sualları cavablandırıb. O, bildirib ki, bu problemin kökündə kənd təsərrüfatında tələb-təklif balansının tənzimlənməməsi və ixrac bazarlarının məhdudluğu dayanır: "Fermerlərin Avropa standartlarına uyğun məhsul istehsal etməyi öyrənməsi vacibdir. Aqrotexniki biliklərə yiyələnən fermer yüksək keyfiyyətli, orqanik məhsul istehsal edə bilər. Bu halda Rusiyaya ixracda problem olsa belə, Avropa bazarına çıxış mümkündür. Hazırda isə məhsullarımızın tərkibinə baxdıqda, azot miqdarı səbəbindən onların çoxu keyfiyyətsiz sayılır”.

A.Nəsirli vurğuladı ki, bazarlara çıxış imkanlarının məhdud olması fermeri birinci əldən, ucuz qiymətə satışa məcbur edir: "Bu da gəliri minimuma endirir. Ona görə də, Kənd Təsərrüfatı Nazirliyi məhsulun bazarlaşdırılmasında daha fəal rol almalıdır. Emal zavodları çatışmır. Kənd təsərrüfatı məhsullarının emalı üçün zavodların tikilməsi dövlət tərəfindən stimullaşdırılmalıdır. 18-20 min fermerə ən azı bir emal zavodu lazımdır. Hazırda bəzi rayonlarımızda bir dənə də olsun zavod yoxdur. Məhsul bol olanda satış alınmır, məhv olur. Mövsüm bitdikdən sonra isə qiymətlər qalxır". 

Ekspert qeyd edir ki, eyni zamanda istixana texnologiyaları təkmilləşdirilməli, yerli iqlimə uyğun toxumların seleksiya yolu ilə yetişdirilməsi prosesi inkişaf etdirilməlidir: "Su qıtlığı, subsidiyaların səmərəsizliyi də fermerlərin məhsuldarlığını azaldan əsas amillərdəndir. Problemin aradan qaldırılması üçün planlı işlərə başlanmalı, kənd təsərrüfatında bazar münasibətləri şəffaf və rəqabətli mühitdə qurulmalıdır".

Arzu Abdullazadə,

Sitat.info

Seçilən
10
1
sitat.info

2Mənbələr