Azərbaycan artıq 14 dövləti təbii qaz ilə təchiz edir. Bu, Azərbaycanı həm dünya, həm də regional miqyasda vacib qaz təchizatçısına, eləcə də enerji təhlükəsizliyinə töhfə verən dövlətə çevirir.
Xezerxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandan Türkiyə üzərindən Suriyaya qazın nəqletmə mərasimi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlaması zamanı bildirib.
Nazirin sözlərinə görə, görülən işlərin müddətinə nəzər saldıqda həyata keçirilən işlər beynəlxalq əməkdaşlıq və Azərbaycanın bugünkü nüfuzu olmasaydı, mümkün olmazdı.
“SOCAR-ın fəaliyyəti nə qədər mürəkkəb olsa da, qısa müddətdə bu məsələnin logistika, kommersiya şərtlərinin, qaz həcmlərinin müəyyənləşdirilməsi işlərinin bünövrəsində Azərbaycanın bu sahədə olan nailiyyətləri durur. Sırf kommersiya nöqteyi-nəzərdən onu da qeyd etmək istəyirəm ki, bu təchizatın həyata keçirilməsi ilə Azərbaycan yalnız qərb istiqamətini deyil, cənub və şərq istiqamətini də, rəqabətli şəkildə öz enerjisi ilə təchiz edə bilməsini əyani nümayiş etdirib. Ümidvarıq ki, bu istiqamətdə orta və uzunmüddətli planlarda fəaliyyət davam etdiriləcək”, - deyə nazir əlavə edib.
Suriyanı qaz ilə Azərbaycanda fəaliyyət göstərən hər hansı xarici konsorsiumların deyil, məhz dövlət şirkəti SOCAR-ın təchiz etməsinə diqqət çəkən nazir bildirib ki, Yaxın Şərq bazarında, ümumiyyətlə, bu coğrafiyada Azərbaycan qazına olan ehtiyac, eyni zamanda, Azərbaycan qazının rəqabətli şərtlərlə Suriyaya nəqli imkanı bu layihə ilə təsbit edilib: “Bu müqavilənin reallaşması ilə bağlı türkiyəli qardaşlarımıza, türk həmkarlarımıza təşəkkürümü bildirmək istəyirəm. Çünki bu qazın tranziti üçün onlar münbit şərait yaradıblar. Gələcəkdə bu geniş coğrafiyada SOCAR şirkətinin fəaliyyətinin genişləndirilməsini planlaşdırırıq. Hədəf odur ki, öz üzərimizə götürdüyümüz öhdəliklər tam yerinə yetirilsin, ölkəmizin nüfuzuna xidmət etsin, kommersiya nöqteyi-nəzərdən faydalı nəticələr versin”.