AZ

Futbola könül bağlayıb, Zaur la dillərə düşən aktyor Fəxrəddin Manafovun doğum günüdür

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avqustun 2-si Azərbaycan kinosunun peşəkar aktyorlarından biri, Xalq artisti Fəxrəddin Manafovun doğum günüdür.

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə dünyaya gəlib. Bir müddət sonra isə ailəsi Bakıya köçüb. Uşaqlıqdan futbola böyük maraq göstərib. Hətta ailə üzvləri onun gələcəkdə futbolçu olacağını düşünüblər.

16 yaşı olarkən, 1971-ci ildə A.M.Şərifzadə adına Aktyorlar evində kinomexanik kimi işə düzəlib. Almaniyada hərbi xidmətini başa vurduqdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verən Fəxrəddin Manafov 1975-80-ci illərdə orada ali təhsil alıb.

Tələbəlik illərində, 1976-78-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. Aktyorlar evində rejissor Vaqif İbrahimoğlu ilə tanış olan F.Manafov bir müddət sonra Vaqif İbrahimoğlunun quruluşunda "Ac həriflər" tamaşasında səhnəyə çıxıb.

F.Manafov 1989-93-cü illərdə Dövlət Yuğ Teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

Fəxrəddin Manafov 45 illik yaradıcılığı boyunca bir çox ekran işində müxtəlif obrazlar canlandırıb. Onlar arasında "Evləri köndələn yar" ("Şamil"), "Gecə qatarında qətl" ("Rüstəm"), "Doğma sahillər", "Əlvida, cənub şəhəri" ("Rza"), "İşgüzar səfər" ("Ənvər") kimi filmlər var.

1989-cu ildə II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən və dram janrında çəkilmiş "Ölsəm, bağışla" bədii filmində yaratdığı "Yusif" obrazı da Fəxrəddin Manafovun ən çox sevilən obrazlarından biridir.

Aktyoru ən çox məşhurlaşdıran və geniş auditoriyaya sevdirən isə 1993-cü ildə Rasim Ocaqovun çəkdiyi "Təhminə" filmində yaratdığı "Zaur" obrazı olub.

Fəxrəddin Manafov 1987-ci ildə Azərbaycanın "Əməkdar artisti", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2006-cı ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

1 avqust 2025-ci ildə F.Manafov Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
oxu.az

2Mənbələr