Türkiyənin İzmir vilayətinin Çeşmə rayonunda yerləşən əyləncə məkanında baş verən silahlı insident zamanı, spirtli içki qəbul edib davaya səbəb olan iki nəfər, məkanın sahibi Mustafa Aksakallını, məşhur aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşını ayağından güllələyib.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı yaşanan panika mobil telefon kamerasına da əks olunub.
Məlumata görə, hadisəni törədən iki nəfər saxlanılıb.
Hadisə necə baş verdi?
Gecə saatlarında Çeşmənin Hacıməmiş məhəlləsində yerləşən əyləncə məkanında içki içən M.E.A. və H.K.A. adlı şəxslər səs-küy salaraq çevrəyə narahatlıq yaradıblar. Buna qarşılıq olaraq məkanın sahibi Mustafa Aksakallı müdaxilə edib. Qısa müddətdə başlayan mübahisə əlbəyaxa davaya çevrilib və bu zaman şübhəlilərdən biri Aksakallıya tapança ilə atəş açıb. Aksakallı və Z.G. adlı başqa bir şəxs ayağından yaralanıb.
Qaçmağa çalışarkən xəsarət aldılar
Silah səsləri məkan daxilində böyük panikaya səbəb olub. İnsanlar təlaşla məkandan qaçmağa çalışıb. Bu zaman R.B.C. (33), D.B. (21), K.E. (20), A.İ.T. (20) və E.Y. (20) adlı şəxslər yerə səpələnmiş şüşə qırıntılarından yüngül xəsarət alıblar.
Hadisə kameraya düşdü
Ayağından vurulan Aksakallı yerə yıxılıb. Hadisə anı mobil telefon kamerası ilə lentə alınıb və görüntülərdə ard-arda 4-5 atəş səsi eşidilir. Əyləncə iştirakçıları silah səslərini eşidən kimi masaların altına girərək qorunmağa çalışıblar. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. İki şübhəli şəxs saxlanılıb.
7 yaralının vəziyyəti yaxşıdır
Yaralılar təcili tibbi yardım maşınları ilə Çeşmə Alper Çizgenakat Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlər bildiriblər ki, yaralanan 7 nəfərin də vəziyyəti yaxşıdır. Hadisə ilə bağlı araşdırma davam edir.