İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq.
"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbidə deyib..
A. Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib: "İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1 200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək".
O vurğulayıb ki, bu gün Türkiyənin Kilis şəhərində tarixi bir ana şahidlik edirik: "Türkiyə-Suriya dostluğunun enerji sahəsində ən önəmli nişanı olan Türkiyə-Suriya təbii qaz boru kəməri xəttinin açılışı üçün toplaşmışıq.
Bu beynəlxalq layihədə birliktə çalışdığımız Suriya, Azərbaycan və Qətərə təşəkkür edirəm. Bu təbii qaz boru xəttinin ölkələrimiz və xalqlarımıza bərəkət və rifah, bölgəmizdə isə sülh gətirməsini diləyirəm".
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən A. Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
"Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək", - nazir vurğulayıb.
"Cebheinfo.az"