Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqazla Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı keçirilən tədbirdə deyib.
O qeyd edib ki, ilkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur.
“Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq. Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır”, -nazir əlavə edib.