Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının təşkili türk birliyinin və İslam həmrəyliyinin əyani təzahürüdür
Son vaxtlar Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının «dişsiz quruma» çevrilməsi dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Yaranan vəziyyət ölklərarası ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığa da əngəl törədir. Yaşıl enerjiyə artan tələbat, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətinin daha çox hiss olunduğu məqamda birlik və həmrəyliyə daha çox ehtiyac duyulur. Belə məqamda xarici siyasət məsələlərində problemlərə ortaq yanaşmanın təşviqinə, dünyada sülhün bərqərar edilməsinə, beynəlxalq terrorizmə, separatçılığa, ekstremizm və transmilli cinayətkarlığa qarşı birgə mübarizədə İslam həmrəyliyi, türk birliyi öz sözünü deyir. Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada «Türk Əsri”» çağırışı ilə keçirilən 10-cu yubiley Zirvə görüşü, 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə türkdilli ölkələrin dövlət və hökumət başçıları səviyyəsində COVID-19 -a həsr olunmuş fövqəladə Zirvə görüşündə pandemiya ilə mübarizənin gücləndirilməsi üçün Bakı Bəyannaməsinin qəbulu bu birliyin sarsılmazlığına nümunədir. İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə TDT-yə üzv dövlətlərin Azərbaycan xalqı ilə həmrəyliyi ölkələrimiz arasında coğrafi bağlılığı daha da möhkəmləndirdi. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə həmişə yanımızda olan, tarixi Qələbəmizə sevinən türkdilli dövlətlərin, xüsusilə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi xalqımız heç vaxt unutmayacaq. Vətən müharibəsindən sonra Şuşada rəsmi Ankara ilə Bakı arasında imzalanan Müttəfiqlik Bəyannaməsi, Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşaya, Füzuliyə, Zəngilana, Cəbrayıla davamlı səfərləri, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının, Zəfər yolunun açılış mərasimlərində cənab İlham Əliyevlə birgə iştirakı xalqlarımızın qardaşlığının əbədiyyət rəmzidir. Müttəfiqlik Bəyannaməsində xüsusi diqqətçəkən, Tarixi İpək Yolunun bərpası kimi dəstəklənən Zəngəzur dəhlizinin açılması ilə türkdilli dövlətlər arasında nəqliyyat, yükdaşıma problemləri daha sərfəli tariflərlə və asan yolla tənzimlənəcək. 2021-ci ilin iyul ayında isə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakı Bəyannaməsini imzalamaları əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu. Üçtərəfli formatda davam edən əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə etdi. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər , habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq və dialoq dünya siyasətinə uyğun formalaşdırılır, təkmilləşdirilir. Azərbaycanın regionda yaratdığı reallıqların ən aktual nümunəsi olan « yaşıl enerji» siyasəti də qardaş ölkələr tərəfəindən dəstəklənir.
2023-cü ilin fevralında Türkiyənin müxtəlif vilayətlərində baş verən, «Əsrin fəlakəti» adlandırılan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında həmrəylik simvolu kimi bu birliyin sarsılmazlığını bir daha dünyaya bəyan etdi. Həmin günlərdə TDT-nın Ankarada «Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım”» mövzusunda Fövqəladə Sammitinin keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını «Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm”» sözləri ilə səmimi duyğularını ifadə edən, iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək Türk İnvestisiya Fondunun yaradılmasının əhəmiyyətini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan həyata keçiriləcək islahatların əhəmiyyətindən də bəhs etdi. Zəlzələdən daha çox əziyyət çəkən Kahramanmaraşda ölkəmizin maliyyə dəstəyi ilə inşa olunan «Azərbaycan məhəlləsi»nin açılış mərasimində hər iki dövlət başçısının bu birliyə töhfə olan sözləri həm də İslam həmrəyliyinin də göstəricisi idi.
Türkiyə ilə Azərbaycan hərbçilərinin birgə iştirakı ilə keçirilən təlim- məşqlər, Azərbaycanda «Bayraktar»” Mərkəzinin yaradılması təşəbbüsü qardaş ölkələrimizin müdafiə qüdrətinin artırılmasına yönələn ciddi addımlardır. Artıq bütün dünya ictimaiyyəti də etiraf edir ki, türk dövlətlərinin birliyi Qafqaz və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlərin qarşılıqlı hörmət, sabitlik çərçivəsində davamı üçün örnəkdir.
Dünyanın siyasi masasında hələ də həllini gözləyən problemlərə fərqli yanaşmaların mövcud olduğu zamana təsadüf edən, xalqımızın böyük tənətənə ilə qeyd etdiyi 2025-ci il 28 May- Müstəqillik Günündə Laçında Azərbaycan, Turkiyə, Pakistan liderlərinin Zirvə görüşü beynəlxalaq aləmdə narahatlıq doğuran problemlərin həlli yollarına baxış oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan ifadəsi təkcə coğrafi məfhum deyil, dünya siyasətinin aparıcı dövləti, hədəflərə çağırış məkanıdır. Xəritədə kiçik yer tutan Azərbaycanın yerləşdiyi məkandan daha böyük, önəmli dövlət olması təsdiqləndi. Bütün dünyada törədilən ən qanlı terror aktları ilə insanlara dəhşətlər yaşadan PKK kimi təşkilatın özünü buraxdığı, silahlarını təhvil verdiyi, Pakistanla Hindistan arasında yaranan qısamüddətli müharibənin rəsmi İslamabadın Qələbəsi ilə sona çatdığı, Azərbaycanın tam və mütləq suverinliyinin bərpa edildiyi məqamda keçirilən Zirvə görüşü hər üç dövlətin siyasi hakimiyyətinin iradəsinin məntiqi nəticəsi idi. Tarixi ənənələrə söykənən üç dövlət arasındakı münasibətlərin möhkəm təməl əsasında möhkəmlənən birliyi Laçın Zirvə görüşü ilə uğur səhifəsinə çevrildi.
Bundan əvvəl Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən ilk üçtərəfli görüşdə bu cür əməkdaşlığın mütəmadi xarakter daşıyacağını bildirən dövlət rəsmiləri Laçın görüşü ilə vədlərinə sadiq qaldılar. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdikləri siyasi və mənəvi dəstək xüsusi vurğulandı. İqtisadi-ticari əlaqələrin artan dinamikasına uyğun daha da möhkəmlənən bu dostluq Orta Dəhliz layihəsində birgə iştirak imkanlarına yol açır. Üç ölkənin təşəbbüsləri əsasında müasir dövrün əsas tələbi olan rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar, turizm əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıq sahələri ilə bağlı təkliflərlə, birgə layihələrlə münsibətlərdə yeni səhiflər formalaşdırılacaq. Hər üç ölkənin Avropa ilə Asiyanın kəsişməsində, son dərəcə strateji bir bölgədə yerləşdiyini, hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzə gəldiklərini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sınaqlardan əminliklə çıxmaq üçün həmrəylik və birgə fəaliyyətin əhəmiyyətini zərurət adlandırdı. Qardaş ölkələrin eyni baxışını əks etdirən güclü çərçivənin hazırlanmasına daha diqqətlə yanaşılacağını vurğuladı. Əməkdaşlığın strateji aspekti olan nəqliyyat sahəsində «İnkişaf Yolu»”, «Orta Dəhliz”» və «Şimal-Cənub Nəqliyyat Dəhlizi»” kimi layihələrdə birgə iştirakı dünyanın nəqliyyat xəritəsinə töhfə kimi dəyərləndirdi. Astanada üçtərəfli formatda təşkil olunan Zirvə görüşündə qarşıya qoyulan vəzifələrin Laçında xalqlarımızın istəyinə uyğun yeni səviyyəyə qaldırılacağını əminliklə ifadə edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlı olan əməkdaşlığın Qarabağda, Kəşmirdə və Şimali Kiprdə təsdiqləndiyini bildirdi.
Hər cür münaqişələrə qarşı barışmaz olduğunu, mərhəmətin, səbrin, müdrikliyin bütün münaqişələrin açarı olduğunu qeyd edən Baş nazir əminliklə söylədi ki, təlatümlü dünyamızda siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir: «Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq.»
Laçında keçirilən Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Azərbaycanla eyni səviyyədə səslənən Qlobal Cənub məfhumu coğrafi baxımdan Qarabağın əsas qapısı hesab olunan bu şəhərin simasında təsdiqləndi. Zirvə görüşü Azərbaycanın suverenliyinin təsdiqi olmaqla Ermənistanın işğalından azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da fərqləndi. Qüdrətli Azərbaycanın ələbaxan Ermənistan üzərində Zəfəri, legitimliyi, suverenliyinin tam və mütləq Qələbəsi bu görüşlə bir daha təsdiqləndi. Ölkələr arasındakı siyasi, iqtisadi, diplomatik dəstəyin qardaşlıq münasibətlərinə çevrilməsi yolları açıqlandı. Görüşün Cənubi Qafqazda və daha geniş mənada deyilsə Avrasiya məkanında dəyişən güc balansı fonunda baş verməsi İslam həmrəyliyinin daha bir təzahürü oldu. Türkiyə və Pakistan üçün Cənubi Qafqazın yeni siyasi, iqtisadi platforma olması bu görüşlə növbəti dəfə təsdiqləndi.
Müasir dünyamızda regional xarakter daşıyan beynəlxalq təşkilatların əhəmiyyətinin artması türk dövlətlərinin münasibətlərində də hiss olunur. Eyni coğrafi məkanda yerləşən dövlətlərin sərhəd və milli yaxınlığı əməkdaşlıq üçün geniş perspektivlər açır. Sərhədyanı regionların inkişafı, beynəlxalq ticarətə inteqrasiya, nəqliyyat və tranzit sahələrdə əməkdaşlıq iqtisadi inkişafa, mehriban qonşuluğa və fövqəladə vəziyyətlərdə qarşılıqlı yardıma geniş imkanlar yaradır. İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) bu prizmadan yanaşdıqda qurumun təkcə Azərbaycan üçün deyil, bütün üzv dövlətlər üçün mühüm olduğu anlaşılır. Məqsədi dayanıqlı iqtisadi inkişafa nail olmaq, ticari əlaqələri təşviq etmək, dünya iqtisadiyyatına inteqrasiya və səmərəli nəqliyyat sistemini inkişaf etdirməkdən ibarət olan ECO-ya 1992-ci ildə qoşulan Azərbaycanın region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı güclənir. Adları dünyanın qüdrətli ölkələri sırasında çəkilən Azərbaycanın, Türkiyənin, İranın, Pakistanın, Əfqanıstanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Tacikistanın, Türkmənistanın təmsil olunduqları təşkilat türk birliyinin, İslam həmrəyliyinin parlaq nümunəsidir. Cənub Qaz Dəhlizi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, (Orta Dəhliz) və digər layihələrdə ECO dövlətlərinin iştirakı Azərbaycanla həmrəylik nümunəsidir. Zirvə görüşündəki çıxışında 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün uğurla keçirildiyini xatırladan Prezident İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsini əlamətdar hadisə adlandırdı. Zirvə görüşündə Azərbaycanın ECO müstəvisində fəaliyyətinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında oynadığı rolun yüksək dəyərləndirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir ifadəsi idi. Xüsusi vurğulandı ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr ECO ölkələri arasında mal və xidmətlərin sərbəst hərəkətini asanlaşdırır. Azərbaycanın bu infrastruktura sərmayə qoyması və nəqliyyat şəbəkələrinin modernləşdirilməsinə verdiyi dəstək təşkilatın ticarət potensialını artırmağa kömək edir. Bu layihələr, həm də ECO-nun «İpək yolu»”nun bərpası təşəbbüsünün reallaşmasını, Qlobal Cənubun regionun dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.Geosiyasi baxımdan, ECO platforması Azərbaycan üçün regional həmrəyliyin və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm vasitədir. Xənkəndidə keçirilən Zirvə görüşü bir daha təsdiqlədi ki, Azərbaycanın ECO çərçivəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş maraqları kompleks və strateji xarakter daşıyır.
Göründüyü kimi, İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilən, təriqətlərarası sülh və etimad mühitini formalaşdıran Azərbaycan həm də beynəlxalq miqyasda müsəlman həmrəyliyini möhkəmləndirən aparıcı qüvvədir. Bu istiqamətdə çoxsaylı təklifləri, təşəbbüsləri , çağırışları dəstəklənən, proqnozlarının reallaşmasında qətiyyət göstərən Prezident İlham Əliyevin «Çalışacağıq ki İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar» sözləri Azərbaycanın İslam dünyasına təqdim etdiyi yeni inkişaf formulunun həyatda təsdiqlənən təcrübəsinin təzahürüdür.
Xuraman İsmayılqızı, «İki sahil»