AZ

"Amerika alimləri yüzillik fizika mübahisəsinə son qoydular"

"Eynşteynin ehtimalı çökdü, Borun prinsipi qalib gəldi..."

Massaçusets Texnologiya İnstitutunun (MIT) fizikləri təxminən bir əsr davam edən Eynşteyn və Bor arasındakı məşhur elmi mübahisəyə eksperimental nöqtə qoyub.

Moderator.az xəbər verir ki, bu barədə "techno.nv.ua" nəşri yazıb.

Qeyd edilir ki, alimlər klassik iki yarıq təcrübəsini kvant səviyyəsinə qədər təkmilləşdirərək sübut ediblər ki, işığın eyni anda həm hissəcik, həm də dalğa kimi davranışını müşahidə etmək mümkün deyil, bu isə Nils Borun mövqeyinin qələbəsi deməkdir.

İki yarıq təcrübəsi yenidən doğuldu

İşığın dual təbiətini - həm hissəcik, həm də dalğa olmasını nümayiş etdirən iki yarıq təcrübəsi ilk dəfə 1801-ci ildə Tomas Yanq tərəfindən aparılıb. Daha sonralar, 1927-ci ildə bu eksperiment məşhur Eynşteyn-Bor mübahisəsinin mərkəzinə çevrilib.

Eynşteyn iddia edirdi ki, işıq hissəcik kimi yalnız bir yarıqdan keçir və bu keçid zamanı maddəyə təsir göstərir; bu təsir müşahidə edilə bilərsə, o zaman həm korpuskulyar, həm də interferensiya (dalğa) təsiri eyni vaxtda qeydə alınar. Bor isə buna qarşı çıxaraq bildirmişdi ki, kvant qeyri-müəyyənlik prinsipi buna imkan vermir: fotonun yolunu ölçmək istəsək, interferensiya yoxa çıxar.

MIT alimləri bu eksperimentin ən təmiz və dəqiq versiyasını reallaşdırmaqla bu elmi paradoksu həll edib. Nobel mükafatı laureatı Volfqanq Ketterlenin rəhbərlik etdiyi komanda lazerlə soyudulmuş 10 mindən çox atomu demək olar ki, mütləq sıfra yaxın temperaturda kristal quruluşda yerləşdirərək onları "kvant yarıqları" kimi istifadə edib. Hər atom yalnız bir fotonu səpməklə iştirak edib və bu, fotonun yolunun müşahidəsini mümkün edib.

Kvant qeyri-müəyyənliyi təsdiqləndi

Eksperimentin nəticələri göstərib ki, fotonun hansı yarıqdan keçdiyi barədə nə qədər dəqiq məlumat əldə olunarsa, interferensiya, yəni dalğa təsviri bir o qədər itir. Başqa sözlə, işığın hissəcik kimi davranışı ilə bağlı daha çox məlumat əldə edildikcə, onun dalğa xüsusiyyətləri itib gedir. Bu isə Borun arqumentini tam təsdiqləyir və Eynşteynin mövqeyini təkzib edir. "Bu, əslində bir zamanlar mümkün sayılmayan, yalnız düşüncə sınağı kimi qəbul edilən bir eksperiment idi. Amma biz onu gerçəyə çevirdik", - Ketterle qeyd edib.

Nəticələr nəyi dəyişir?

Təcrübənin nəticələri "Physical Review Letters" jurnalında dərc olunub və kvant mexanikasının qəribə, lakin dəqiq qanunlarını bir daha təsdiqləyir. Eynşteynin illərlə "gizli parametrlər" axtarışına əsaslanan yanaşması bu eksperimentlə tam çürüdülüb.

İndi elm dünyasında bu qədim mübahisə yekun cavabını tapmış sayılır. Əsrin mübahisəsinə son qoyan bu sınaq həm nəzəri, həm texnoloji, həm də fəlsəfi baxımdan fundamental əhəmiyyət daşıyır. Kvant mexanikası qarşısında klassik intuisiya bir daha geri çəkildi.

Seçilən
13
moderator.az

1Mənbələr