"O, səhnədə, tabutda səssiz-səmirsiz olan mənim muğam müəllimimdir, dostlar. Səsimə səs, nəfəsimə nəfəs, gücümə güc qatanım, Arif Babayev... Arif müəllim həyatda idi, Şövkət xanımın yoxluğuna o qədər də inanmırdım. Bu gün isə körpə uşağa dönmüşdük: mən, Nuriyyə Hüseynova, Zakir Əliyev, Nəzakət Teymurova, Cabir Abdullayev... Elə bil atasız qalan körpə, əlləri yaralı quş kimi çabalayan, imdad diləyən, içindəki, hayqırtısından öz qulağı tutulan, "köməy olun" deyərək işi-çölü yanan körpə uşaqlar kimi biri-birimizdən bərk yapışaraq sanki Tanrıdan "nə olar, ustadımızı ayırma bizdən, Allahım" deyirdik, iç naləmizlə. Səsimizi özümüzdən başqa eşidən yox idi... Allah da eşitmirdi. Çünki içimiz qana boyanmışdı, qan ağlayırdı..."
Ölkə.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşımında yazıb.
"Seygahın şahı getdi. Ustadımız köçdü başqa dünyaya. Biz olmayan dünyaya bizsiz köçdü. Tək getdi o çətin, qaranlıqlardan keçən uzun yolu. Azüqən bol olsun, ustad. Bütün sənət öyrətdiyin tələbələrinin, onların da tələbələrinin sizdən qazandığı, öyrəndikləri sizin səvablarınız olsun yolunuz boyu. Getdiniz. Sizdən qalan bunlar oldu. Biz sizdən razı qaldıq. Qoy, Allah da sizdən razı olsun.
Arif müəllim segah muğamının sadəcə ifaçısı deyildi, onun ruhunu danışdıran bir sənətkar idi. Sanki segah muğamı onun səsində özünü tapmışdı. Onun oxuduğu segah əslində bir tale, bir hekayə, bir dua kimi səslənirdi. Elə bil ki, bu segah onun üçün yazılmışdı, onun nəfəsinə, qəlbinə, daxili aləminə uyğun biçilmişdi. Arif müəllim segahı oxuyanda sanki səsindən boylanan bir rəsm vardı – nə fırça iziydi, nə də sadə bir kölgə... Bu, Allahın çəkdiyi rəng idi, heç bir rəssamın əli çata bilməyəcəyi dərəcədə saf və müqəddəs.
Onun səsində bir yanğı vardı – bir ağrının gözəlliyi, bir dərdin zərifliyi. Hər segah onun dilindən çıxanda insanların içində illərlə gizlənmiş duyğuları oyadırdı. Və o qədər təsirli, dərin idi ki, segah artıq sadəcə bir muğam yox, Arif Babayevin öz səsi, öz nəfəsi olmuşdu. İndi segah səslənəndə çoxları onu yenə Arif müəllimin səsində eşitmək istəyir. Çünki segah onunla bütöv, tam idi. Onun səsi olmasaydı, segah bu qədər vardı? Onun səsi olmasaydı, segah bu qədər sevilərdi, başa düşülərdimi? Bunu zamanın özü də cavablandıra bilmir. Arif Babayev segahı danışdırdı. Onunla dərdini dedi, sevdi, Tanrıya pıçıldadı. Və bu pıçıltı bu gün də səslənir – qəlblərdə, yaddaşlarda, sükutun özündə... Arif Babayev segahın rəssamı, bəstəkarı, tələbərinin isə əsl atası idi" deyə, A.Haşımova bildirib.
Qeyd edək ki, Arif Babayev bu gün səhər saatlarında vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub.(axşam.az)