AZ

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatı saxta diplom təhlükəsini bir daha göstərdi” - Məzahir Məmmədli

“Bilmirəm nə qədər doğru qarşılanar, amma bu məsələdə bir qədər sərt danışacağam, təvazökarlıqdan kənara çıxacağam. Düz bir il əvvəl, Azərbaycanda ən çox izlənilən kanallardan biri olan İctimai Televiziyanın “Sabahı saxlamayaq” proqramında geniş auditoriya qarşısında belə bir fikir səsləndirmişdim: Azərbaycanda yalnız müəllimlər arasında 10 mindən çox insan saxta diplomla fəaliyyət göstərir. Bu statistikaya hələ mühəndislər, həkimlər, aqronomlar və digər sahələrin nümayəndələri daxil deyil. Mən o zaman yalnız müəllimlərlə bağlı məsələyə toxunmuşdum. Bəli, artıq 10 illərlə, hətta 20 illərlə əmək bazarında fəaliyyət göstərən saxta diplomlu şəxslər var”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, 2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayınadək 53 nəfər tanınma üçün saxta diplom təqdim edib. Bundan əlavə, tanınmadan imtina edilən 12 nəfərin saxta tanınma şəhadətnaməsi əldə etdiyi aşkarlanıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, sənədlərin həqiqiliyini müəyyən etmək üçün xarici ali təhsil müəssisələrinə sorğular göndərilir.

Ekspertin sözlərinə görə, təəssüf doğuran haldır ki, bu şəxslər əmək bazarına müxtəlif yollarla daxil ola biliblər.

“Təsadüfi deyil ki, biz hallarla qarşılaşmışıq: həkimlər səhv ayağı amputasiya ediblər, düzgün diaqnoz qoymayıblar. Hətta sadə bir tibbi prosesdə – məsələn, onkoloji diaqnozun qoyulmaması nəticəsində – xəstə həm fiziki, həm də psixoloji cəhətdən sarsıdılıb. Bu cür misallar çoxdur. Amma sevindirici haldır ki, son illər bəzi sahələrdə vəziyyət dəyişir. Məsələn, müəllimlər üçün keçirilən sertifikasiya imtahanları, MİQ imtahanı və sənəd qəbulu prosedurlarında artıq saxta diplom məsələsi diqqətə alınır və belə şəxslər sistemdən kənarlaşdırılır. Bu, ilkin də olsa, mühüm addımdır və müsbət qiymətləndirilə bilər. Həkimlər üçün də sertifikasiya prosesi başlayıb. Bu o deməkdir ki, həmin sahədə də saxta diplomlara qarşı mübarizə aparılır. Mən istərdim ki, bu cür tədbirlər yalnız təhsil və səhiyyə sahələrilə məhdudlaşmasın, digər sahələri də əhatə etsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin son 6 ay üçün hazırladığı hesabatda saxta diplomların aşkarlandığı rəsmi şəkildə qeyd olunur. Bunun özü çox ciddi bir siqnaldır. Çünki bu gün Azərbaycanda saxta diplomlu şəxslər hələ də əmək bazarında asanlıqla özlərinə iş tapa bilirlər. Onlar təsadüfi şəkildə müdafiə olunmurlar – arxalarında yüksək səviyyəli himayədarlar dayanır. Bu da onların cəsarətlə həmin diplomların tanınması üçün müraciət etmələrinə səbəb olur”.

Ekspert əlavə edib ki, baxmayaraq ki, sistem hazırda həm elektronlaşdırılıb, həm də daha mürəkkəb hala gəlib:

“Amma buna baxmayaraq, təəssüf ki, bu cür halların qarşısı tam alınmayıb. Hesabatda həmçinin qeyd edilir ki, bu gün yüksək vəzifə tutan bəzi şəxslər belə vaxtilə saxta diplomlarla təhsil alıblar. Bu, təəssüf doğuran bir reallıqdır. Hesab edirəm ki, bu istiqamətdə dövlət səviyyəsində daha ciddi və effektiv nəzarət mexanizmi hazırlanmalı və tətbiq olunmalıdır”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
4
1
aznews.az

2Mənbələr