Kardioloq Mariya Çaykovskaya gündəlik qidalanmada görünməz təhlükəyə diqqət çəkib. O bildirib ki, sadəcə bir kolbasa yemək belə, ciddi sağlamlıq risklərini artırır.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu vərdiş 11 fərqli xəstəliyin yaranmasına zəmin yarada bilər.
Çaykovskaya qeyd edib ki, kolbasa istehlakı yoğun bağırsaq və ağciyər xərçəngi, hipertoniya, damar iltihabı, ateroskleroz, ürəyin işemik xəstəliyi, demans, şəkərli diabet, piylənmə, böyrək problemləri və nevroloji pozğunluqlarla əlaqələndirilir. Bu da onun gündəlik qida rasionunda müntəzəm yer almasının təhlükəli olduğunu göstərir.
Kolbasada nə qədər ət var?
Həkim əlavə edib ki, kolbasaların tərkibində əsl ət çox azdır – cəmi 15-20 faiz. Qalan hissəni sakatat, soya və müxtəlif kimyəvi qatqılar təşkil edir. Bu da məhsulun keyfiyyətini və sağlamlığa təsirini sual altına alır.
Çaykovskaya kolbasa və salam yerinə təbii ət məhsullarının – məsələn, evdə bişmiş toyuğun və ya doğranmış mal ətinin – seçilməsini tövsiyə edir. Onun fikrincə, real ət həm qida dəyəri, həm də sağlamlıq baxımından daha etibarlı seçimdir.
Bu xəbərdarlıq, xüsusilə tez hazırlanan, amma keyfiyyəti şübhəli olan məhsullara üstünlük verən insanlar üçün ciddi siqnaldır. Sağlam qalmaq üçün seçimlərimizi daha diqqətlə etməliyik.
Tərcümə: Könül Oruc
E-saglam.az