Yunanıstanın paytaxtı Afinada keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında 1 dəst medal qazanan yunan-Roma yığmamız vətənə qayıdıb.
Offsideplus.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov Heydər Əliyev Beynəlxalq Aeroportunda milli komandanın qarşılanma mərasimində yarışla bağlı təəssüratlarını anladıb:
“Normal yarış keçdi. Avropa ölkələrinin hamısını qabaqladıq. Baxmayaraq ki, Avropa çempionatında komanda hesabında 3-cü yeri tutmuşduq. Bu yarışda Asiya ölkələri daha yaxşı çıxış etdi. Qırğızıstanla birgə 4-5-ci yerləri tutduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə dəstəyə görə minnətdarlığımı bildirirəm. Qarşıda bizi MDB Oyunları gözləyir. Həmin yarışdan gələcək planları rəhbərliklə müzakirə edəcəyik”.
Dünya çempionumuz Əli Nəzərov çempionluq hisslərini bölüşüb:
“Yarış yaxşı keçdi. Hər şey ürəyimcə oldu. Üzərimdə əziyyəti olan və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Başda şəxsi məşqçim Azər Hüseynov olmaqla, bütün məşqçilərimizə minnətdaram. Finala çıxanda qələbədən başqa bir şey fikirləşmirdim. Dünya çempionu olmaq istəyirdim. Şükür Allaha, buna da nail oldum”.