ABŞ prezidenti Donald Tramp Rusiyanın sabiq prezidenti və Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedyevin bəyanatlarına cavab olaraq, iki nüvə sualtı qayığının Rusiyaya yaxın bölgələrə göndərilməsi barədə göstəriş verib.
Bu barədə Tramp Truth Social platformasında açıqlama yayıb. Onun sözlərinə görə, bu qərar Medvedyevin “təxribat xarakterli və məsuliyyətsiz bəyanatlarına” cavabdır.
“Belə bəyanatlar çox zaman ciddi nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu dəfə belə olmayacaq,” – Tramp yazıb.
Münaqişənin fonu
Xatırladaq ki, iyulun 31-də Dmitri Medvedyev Trampı bir daha hədələyərək Rusiyanın “Qiyamət Günü” adlanan nüvə zərbə potensialını xatırladıb və ABŞ-ın Ukrayna siyasətini kəskin tənqid edib.
Tramp isə bir neçə gün öncə – iyulun 29-da Rusiya-Ukrayna münaqişəsində atəşkəsə nail olunması üçün 10 günlük ultimatum qoymuş və əks halda ikinci dərəcəli sanksiyalarla hədələmişdi.
Beynəlxalq narahatlıq artır
ABŞ-ın bu addımı beynəlxalq aləmdə gərginliyin artmasına səbəb olub. Hərbi mütəxəssislər bu cür nüvə texnologiyasının hərəkətə gətirilməsini “soyuq müharibə dövründən sonra ən təhlükəli eskalasiya” kimi qiymətləndirirlər.
Hazırda Rusiya tərəfi məsələ ilə bağlı rəsmi reaksiya verməyib.
//Samir Qurbanov, Editor.az