Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzindəki işindən çıxarılan Mübariz Babayev məhkəmə qərarının 10 aydır ki, icra olunmamasından şikayətçidir.
O, Bakupost.Az-a müraciətində bildirib ki, Nərimanov Rayon Məhkəməsi 2023-cü il avqustun 11-də onun vəzifəsinə bərpasına dair qərar çıxarıb. Lakin bu qərarın icrası hələ də təmin olunmayıb.
Mübariz Babayevin sözlərinə görə, Hərracların Təşkili Mərkəzi Publik Hüquqi Şəxsin 1 saylı zona bölməsində baş mütəxəssis vəzifəsində çalışıb, lakin 2021-ci ilin noyabrında əsassız yerə işdən çıxarılıb. Bu qərarla razılaşmayan Babayev hüquqi müstəvidə mübarizə apararaq məhkəməyə müraciət edib:
“Mən 17 il bu qurumda müxtəlif vəzifələrdə işləmişəm. Sonra mənə dedilər ki, müqavilənin müddəti bitib. Beləliklə, məni işdən çıxardılar. 2 ildən artıq müddətdir ki, işsizəm, uşaqlarım evdə ac qalıb. Məkhəməyə müraciət etdim və işə ədalətli baxıldı, vəzifəmə qaytarılmağıma bağlı qərar çıxarıldı. Lakin 10 aydır ki, bu qərar icra olunmur. Deyirlər ki, sənin vəzifən doludur. Mən baş mütəxəssis kimi işdən çıxarılmışam, amma məni mütəxəssis kimi işə götürmək istəyirlər. Nərimanov Rayon Məhkəməsi mənimlə bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, vəzifəmə bərpa olunmağım barədə qərar verib. Qətnamədə konkret olaraq mənim baş mütəxəssis və ya ona bərabər vəzifəyə təyin olunmağım qeyd olunub”.
Məhkəmə qərarının icraçısı Əli Aslanov da Bakupost.Az-a açıqlamasında bildirdi ki, Mübariz Qurbanov baş mütəxəssis vəzifəsinə təyin olunmalıdır.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Babayev Mübariz Sahib oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün 20 fevral, 2023-cü il tarixində xitam verilib:
"İqtisadiyyat nazirinin 06.03.2023-cü il tarixli əmri ilə Hərracların Təşkili Mərkəzində struktur dəyişikliyi aparılıb, Mərkəzin nəzdində fəaliyyət göstərən zona bölmələri (o cümlədən 1 saylı Sumqayıt zona bölməsi) ləğv olunub. Vətəndaş Mübariz Babayev işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edib və Nərimanov Rayon Məhkəməsi onun iddiasını təmin edib. Nərimanov Rayon Məhkəməsinin qərarının təmin edilməsi ilə əlaqədar Mübariz Babayev Hərracların Təşkili Mərkəzinin rəhbərliyi tərəfindən 21.10.2024-cü il və 07.11.2024-cü il tarixlərində qəbul edilob. Vətəndaşa əvvəl çalışdığı Sumqayıt zona bölməsi ləğv olunduğu üçün baş mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 570 manat) üzrə deyil, vakant yer olan Hərracların təşkili şöbəsində mütəxəssis vəzifəsi (aylıq vəzifə maaşı 1000 manat) təklif olunub. Təklif vətəndaş tərəfindən rədd edilib. Bununla bağlı Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə məlumat verilib. Hazırda məhkəmə mübahisəsi davam edir".
Aysel