AZ

Rusiyada miqrant uşaqlarına pulsuz təhsil ləğv edilə bilər

Rusiya Dövlət Dumasının deputatı miqrant uşaqları üçün pulsuz təhsilin ləğvini təklif etdi

Milli.Az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının (LDPR) sədri Leonid Slutski ölkədə miqrant uşaqları üçün pulsuz təhsilin ləğv olunmasının vacibliyini bildirib. Bu barədə o, Telegram kanalında paylaşım edib.

Deputatın sözlərinə görə, təhsil sistemində bir sıra problemlər var: yeni məktəblərin az tikilməsi, müəllim çatışmazlığı və ən əsası, miqrant uşaqlarının sayının çoxluğu. "Xüsusilə 10-11-ci siniflərdə sıxlıq artıq dözülməz səviyyədədir", - deyə Slutski qeyd edib.

O əlavə edib ki, müəllimlər artıq həddən artıq yüklənib, bu isə dərs keyfiyyətinə mənfi təsir göstərir. Parlamentarinin fikrincə, miqrant uşaqlarının əksəriyyəti zəif oxuyur və bu da yerli şagirdlərin təhsil tempini zəiflədir. LDPR yaxın günlərdə Dövlət Dumasına miqrant uşaqları üçün 10-11-ci siniflərdə pulsuz təhsilin ləğvini nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev də oxşar çağırış etmişdi. O bildirmişdi ki, əgər miqrantların övladları məktəbə getmirsə, həmin ailələr ölkədən çıxarılmalıdır. Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiyada 785 minə yaxın yetkinlik yaşına çatmamış əcnəbi yaşayır.

İsmayıl
Milli.Az

Seçilən
17
3
milli.az

4Mənbələr