Almaniyanın Ukraynaya göndərəcəyi “Patriot” zenit-raket sistemləri ilkin mərhələdə yalnız raket buraxılış qurğularının verilməsini nəzərdə tutur.
Teleqraf xəbər verir ki, "Defense Express" analitik nəşrinin yazdığına görə, Almaniya bu sistemləri tam kompleks şəklində deyil, mərhələli şəkildə təhvil verəcək.
Buna görə də Ukraynanın müəyyən müddət ərzində "Patriot" sisteminin yalnız bəzi komponentlərini, məsələn, buraxılış qurğularını digər zenit sistemlərinin elementləri ilə birləşdirərək istismar etməsi mümkündür. Bu yanaşma FrankenSAM (Frankenşteyn Hava Hücumundan Müdafiə Sistemi) proqramı çərçivəsində həyata keçirilir.
Analitiklər bildirir ki, klassik "Patriot" kompleksi bir neçə ayrı yük platformasında yerləşdirilmiş müxtəlif vasitələrdən ibarətdir. Bu sistemə adətən 4-dən 8-ə qədər buraxılış qurğusu, radiolokasiya stansiyası (RLS) və idarəetmə maşını daxildir.
Hazırda Almaniya yalnız raket buraxılış qurğularının təhvil verilməsinə hazırdır. Lakin bu qurğuların effektiv işləməsi üçün radar sistemləri və komanda idarəetmə vasitələri də tələb olunur.
Nəşr qeyd edir ki, FrankenSAM proqramı çərçivəsində belə qeyri-standart kombinasiyalar mümkün olur: məsələn, "Patriot" buraxılış qurğularının Ukrayna və ya Sovet istehsalı olan radarlarla uyğunlaşdırılması. Analitiklərin fikrincə, bu da Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gözlənilməz şəkildə gücləndirə bilər:
“Ölkəmiz elə bir mərhələdədir ki, heç olmasa buraxılış qurğularının əldə olunması və onların mövcud radiolokasiya sistemlərimizə inteqrasiyası belə köməksiz qalmaqdan daha yaxşıdır,” – ekspertlər bildirir.