AZ

Sığorta adı altında xaos —Xəstəxanalarda sıxlığın qarşısını necə alaq?

“Son günlər xəstəxana və poliklinikalarda növbələrin həddindən artıq artması müşahidə olunur. Bu vəziyyəti təhlil etdikdə həm obyektiv, həm də subyektiv səbəblərin mövcud olduğu aydın görünür”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. 

Deputat qeyd edib ki, tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlıq artmış, nəticədə vətəndaş müraciətlərinin sayı çoxalıb:

“İslahatlar çərçivəsində Publik Hüquqi Şəxs (PHŞ) statuslu xəstəxanalarda qeydiyyat sisteminin mərkəzləşdirilməsi zərurəti yaranıb. Bu, xəstəxanaların İcbari Tibbi Sığorta Fondundan maliyyə vəsaiti ala bilməsi üçün vacibdir. Uşaq və böyüklərə göstərilən xidmətlərin eyni mərkəzdə təşkil olunması da yüklənməni artırır. Məsələn, Abşeron rayonunda 400,000-dən çox əhali üçün stasionar və poliklinik xidmətlərin yalnız Abşeron Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilməsi bu sıxlığın səbəblərindən biridir. Vətəndaşlar bəzən ciddi tibbi səbəb olmadan tez-tez tibbi yardıma müraciət edirlər. Bu da səhiyyə sistemində süni yüklənməyə səbəb olur. Bağçalara onlayn qəbul başa çatdıqdan sonra valideynlərə tibbi arayışları təqdim etmək üçün cəmi bir həftə vaxt verilir. Bu da müraciətlərin eyni vaxta toplanmasına və növbələrin uzanmasına səbəb olur. PHŞ-lər maliyyə gəlirlərini artırmaq üçün infrastrukturu kifayət qədər hazır olmasa da, daha çox pasiyent qəbul etməyə çalışırlar. Bəzən bu süni şəkildə stimullaşdırılır. Məsələn, müraciət sayı yüksək olan xəstəxanalar “mentor klinika” statusu ilə mükafatlandırılır”. 

Deputat əlavə edib ki, halbuki əsas göstərici müraciət sayı deyil, xidmətin keyfiyyəti və vətəndaş məmnuniyyəti olmalıdır:

“Dar ixtisas sahəsində çalışan mütəxəssislərin azlığı və işə qəbul prosesindəki süründürməçilik bu problemi daha da ağırlaşdırır. Həkimlərə bir neçə nəzarətedici qurum tərəfindən (İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və tabe olduqları tibb müəssisələri) müxtəlif hesabat və monitorinq tələbləri qoyulur. Yerli PHŞ-lərin idarəetmədəki zəifliyi səbəbilə, bəzi inzibati prosesləri də həkimlər yerinə yetirirlər. Bu isə kadr axınına səbəb olur. Arayış almaq üçün tələb olunan müayinələrin sayı və prosedurların vaxt alıcılığı tibbi xidmətlərə süni yüklənməyə səbəb olur. Məsələn, bir sağlamlıq arayışı üçün aşağıdakı müayinələr tələb olunur: Həkim-oftalmoloqun baxışı, pediatrın baxışı, nəcisin ümumi analizi, qanın ümumi analizi, sidiyin ümumi analizi, cərrahın baxışı, nevropatoloqun baxışı, otolarinqoloqun baxışə, dermatoloqun baxışı, flüoroqrafiya, ultrasəs müayinəsi. Hər müayinəyə orta hesabla 10 dəqiqə vaxt sərf olunduğunu nəzərə alsaq, bir arayış üçün vətəndaş ən azı 2 saat vaxt sərf etməlidir. Bu isə sistemə əlavə gərginlik yaradır. Böyük əhali potensialı olan tibb mərkəzlərinə səriştəli və ictimai nüfuzu olan səhiyyə rəhbərlərinin təyin olunması mühüm əhəmiyyət kəsb edir. Çünki səhiyyə sahəsi strateji sektordur və daim dövlət rəhbərliyinin diqqət və qayğısı altındadır”.

Leyla Turan
Demokrat.az
Seçilən
26
1
demokrat.az

2Mənbələr