AZ

“Azərbaycanın müstəqil siyasəti bəzi dairələri narahat edir” – Rəşad Bayramov

“Rəsmi Kremlinin bütün vasitələrlə Azərbaycana qarşı kampaniya apardığı açıq-aşkar görünür. Bu kampaniya təkcə guya “müstəqil” adlandırılan televiziya və mətbuat orqanlarının səviyyəsində deyil, eyni zamanda rəsmi dövlət agentlikləri, dövlət televiziyası, Rusiya rəsmiləri, deputatlar və digər nüfuzlu şəxslər tərəfindən sistemli şəkildə həyata keçirilir. Təbii ki, Rusiyanın bu cür Azərbaycan əleyhinə təbliğatı ilk növbədə daxili auditoriyaya yönəlib. Çünki Rusiya öz acizliyini, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı laqeyd münasibətini qəbul etmək istəmir. Baş verənləri isə öz siyasətinin nəticəsi kimi deyil, başqa ölkələrin və onların rəsmilərinin mövqeyi kimi təqdim etməyə çalışır. Halbuki bu gün dünyanın böyük bir hissəsi ilə münasibətlərin pozulması, əslində, birbaşa Rusiyanın apardığı siyasətin nəticəsidir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, Kreml təbliğatının əsas simaları – Vladimir Solovyov və Marqarita Simonyan – III Şuşa Qlobal Media Forumunda iştirak edən TASS-ın keçmiş direktor müavini Mixail Qusman və politoloq Sergey Markovu hədəf alıblar. Onlar bu şəxsləri foruma qatıldıqlarına görə “vətənə xəyanət”də ittiham ediblər. Analitiklərin fikrincə, Şuşa Qlobal Media Forumu Rusiya–Ukrayna müharibəsi fonunda Moskvanın illərlə apardığı həm söz, həm də silah savaşını sarsıdaraq, geosiyasi səhnədə yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin ukraynalı jurnalist Dmitri Qordona ünvanladığı “heç vaxt işğalla barışmayın” mesajı isə Kremlin ideoloji dayaqlarında ciddi çatlar yaratdı. Məhz bu səbəbdən Solovyov-Simonyan tandemi forumu sərt şəkildə tənqid edərək, Bakını təbliğat hədəfinə çevirib.

Siyasi şərhçi bildirib ki, əgər Rusiya bu gün Azərbaycanda keçirilən hər hansı bir tədbirdə nümayəndələrinin iştirakını belə qəbul edə bilməyəcək qədər zəif mövqe sərgiləyirsə, deməli, bu ölkə ciddi daxili və xarici problemlərlə üz-üzədir.

“Bu problemlər, istər Azərbaycanla, istərsə də digər ölkələrlə münasibətlərdə, məhz Rusiya hakimiyyətindən qaynaqlanır. Burada məsuliyyət tam şəkildə Rusiyanın üzərindədir. Hazırda aparılan anti-Azərbaycan kampaniya da əslində uzunmüddətli və planlı siyasətin tərkib hissəsidir. Təyyarəmizin vurulması, Rusiyada yaşayan soydaşlarımıza qarşı qanunsuz davranışlar, iş adamlarımıza edilən təzyiqlər, diaspor təşkilatlarına qarşı hücumlar, onların cinayətkar qurumlarla eyniləşdirilməsi, miqrant soydaşlarımıza qarşı ayrı-seçkilik və zorakılıq halları – bütün bunlar eyni zəncirin həlqələridir. İndi isə bu prosesləri pərdələmək, diqqəti yayındırmaq üçün TASS və digər rəsmi dövlət agentlikləri vasitəsilə ucuz və təxribatçı kampaniyalar təşkil olunur. Bu isə Rusiyanın Azərbaycana təzyiq və təsir göstərmək cəhdindən başqa bir şey deyil. Bir daha qeyd etmək lazımdır ki, yaranmış vəziyyətin səbəbi hansısa xarici qüvvələr deyil, birbaşa Rusiyanın öz siyasətidir. Vəziyyəti dəyişmək də elə Rusiyanın öhdəliyindədir. Başqa sözlə, Rusiya indiyədək həyata keçirdiyi anti-Azərbaycan fəaliyyətə görə üzr istəməli, təyyarə insidenti ilə bağlı məsul şəxsləri cəzalandırmalı, təzminat ödəməli və Azərbaycana qarşı apardığı təbliğatı dərhal dayandırmalıdır. Yalnız bu addımlar münasibətlərin normallaşmasına şərait yarada bilər. Əks halda, bu münasibətlərdən ən çox zərər çəkən tərəf elə Rusiya özü olacaq. Çünki artıq dünyanın böyük əksəriyyəti tərəfindən təcrid olunmuş, sanksiyalarla üzləşmiş bir dövlətin indi də özünün “müttəfiq” adlandırdığı Azərbaycana qarşı bu cür düşmənçilik mövqeyi tutması, ilk növbədə, Rusiyanın öz maraqlarına zərbə vuracaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
26
aznews.az

1Mənbələr