Idman.biz saytına istinadən ain.az xəbər verir.
Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında 1 dəst medal qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər.
İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda milli komandanın qarşılanma mərasimi keçirilib.
Komandanın böyük məşqçisi və mükafat qazanan idmançılar yarışla bağlı fikirlərini bölüşüblər.
Taleh İsrafilov, böyük məşqçi:
“Normal yarış keçdi. Avropa ölkələrinin hamısını qabaqladıq. Baxmayaraq ki, Avropa çempionatında komanda hesabında 3-cü yeri tutmuşduq. Bu yarışda Asiya ölkələri daha yaxşı çıxış etdi. Qırğızıstanla birgə 4-5-ci yerləri tutduq. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə dəstəyə görə minnətdarlığımı bildirirəm. Qarşıda bizi MDB Oyunları gözləyir. Həmin yarışdan gələcək planları rəhbərliklə müzakirə edəcəyik”.
Əli Nəzərov, dünya çempionu:
“Yarış yaxşı keçdi. Hər şey ürəyimcə oldu. Üzərimdə əziyyəti olan və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Başda şəxsi məşqçim Azər Hüseynov olmaqla, bütün məşqçilərimizə minnətdaram. Finala çıxanda qələbədən başqa bir şey fikirləşmirdim. Dünya çempionu olmaq istəyirdim. Şükür Allaha, buna da nail oldum”.
Hikmət Haqverdiyev, dünya ikincisi:
“Çempion olmağa getmişdim. Ancaq ikinci yeri tutdum. Buna da şükür. Çempion ola bilərdim. Finalda var gücümü ortaya qoydum. Amma gümüş medalla kifayətləndim. Bu medalı üzərimdə əziyyəti olan hər kəsə həsr edirəm”.
Abdurrahman Hüseynli, dünya üçüncüsü:
“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Bizə yaratdığı şəraitə görə, federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk. Milli komandanın məşqçilərinə, yarışda bizimlə birgə olan Rafiq Hüseynova da minnətdarıq. Nəticəmdən razıyam, amma yarışa dünya çempionu olmağa getmişdim. Müəyyən texniki səhvlərə görə finala çıxa bilmədim. İnşallah, bu səhvlərin üzərində işləyib, bu bürüncü qızıla çevirəcəyəm”.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.