Təhsil Tələbə Krediti (TTK) ilə bağlı cəmiyyətdə narazılıqlar səngimir. Belə ki, sistem gənclərin ali təhsilə çıxış imkanlarını artırmaq məqsədi daşısa da, tətbiqində ortaya çıxan uyğunsuzluqlar sual yaradır.
Məsələn, magistratura pilləsində kredit yalnız 50 və daha yüksək bal toplayanlara verilir. Halbuki bəzi ixtisaslarda dövlət sifarişi üçün keçid balı 45, ödənişli əsaslarla isə cəmi 40 baldır. Nəticədə, pullu təhsilə qəbul olan, amma 50 balı keçməyən tələbələr kredit almaq hüququndan məhrum olur. Əksinə, dövlət sifarişinə düşən və əslində kreditə ehtiyacı olmayan tələbə bu imkandan yararlana bilir. Mövcud vəziyyət Təhsil Tələbə Krediti sisteminin kimə xidmət etdiyini sual altına alır.
Təhsil Tələbə Krediti sistemində bal şərti həqiqətən ziddiyyətlidirmi?
Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, “Təhsil Tələbə Krediti haqqında” Qanununa əsasən, kredit yalnız müəyyən akademik göstəricini aşan tələbələrə verilir ki, bu da ali təhsilə çıxışda bərabərliyi pozur və qanunda nəzərdə tutulan sosial ədalət prinsipinə ziddir:
“Dünya təcrübəsinə baxsaq, tələbə kreditləri əsasən ailənin maliyyə vəziyyətinə əsaslanır. ABŞ-da Federal Student Aid proqramında kreditlərin verilməsi ailənin gəlir səviyyəsinə bağlıdır, Almaniyada isə təhsil kreditləri faizsiz və yalnız maliyyə ehtiyacına əsaslanır. Finlandiya və Norveç kimi ölkələrdə tələbə kreditləri sosial təminat sisteminin bir hissəsi kimi ali təhsilə bərabər çıxış üçün verilir. Azərbaycanda isə kredit mexanizmi daha çox yüksək bal toplayan tələbələri mükafatlandırmaq formasına çevrilib. Müsbət cəhət kimi qeyd etmək olar ki, sistem müəyyən tələbələrin maliyyə yükünü yüngülləşdirib və sosial həssas təbəqədən olanlara təhsil imkanı yaradıb. Faiz dərəcələrinin digər kommersiya kreditləri ilə müqayisədə aşağı olması da müsbət haldır. Lakin bu üstünlüklər bal şərti və sistemin məhdud əhatə dairəsi səbəbindən ümumi sosial məqsədləri tam yerinə yetirmir”.
Kamran Əsədov deyib ki, əgər bal baryeri saxlanılsa, hər il yüzlərlə tələbə maliyyə imkanlarının olmaması üzündən ali təhsildən kənar qalacaq ki, bu da sosial təbəqələşməni dərinləşdirəcək və insan kapitalının inkişafına mənfi təsir göstərəcək:
“Buna görə də, Təhsil Tələbə Kreditinin sosial ədaləti təmin etməsi üçün bal şərtinin aradan qaldırılması və kreditlərin yalnız maliyyə vəziyyətinə əsasən verilməsi vacibdir. Hazırda Elm və Təhsil Nazirliyi bu sahədə kifayət qədər maarifləndirmə aparmır, sistemin tətbiqi barədə ictimaiyyətə geniş və dəqiq məlumat vermir. Statistik hesabatlar gecikdirilir, regionlarda təbliğat zəifdir. TTK hələ də eksperimental mərhələdə idarə olunur və bu, tələbələrin təhsil hüququnu məhdudlaşdırır. Təhsil siyasətində sosial ədalət kağız üzərində deyil, real tədbirlərlə təmin edilməlidir. Lakin hazırkı sistem bu məqsədə xidmət etmir və təhsilə çıxış imkanlarını daraldır”.
Təhsil eksperti sonda onu da vurğulayıb ki, Azərbaycanda Təhsil Tələbə Krediti (TTK) sistemi ali təhsilə çıxışı artırmaq və gənclərin təhsil haqlarını ödəməkdə maliyyə yükünü azaltmaq üçün yaradılıb:
“Lakin ötən il bu mexanizmdən cəmi 14 minə yaxın tələbə yararlanıb ki, bu da ödənişli təhsil alan təxminən 120 min tələbənin yalnız 11–12 faizidir. Sistem sosial ədaləti təmin etmək məqsədi daşısa da, tətbiq qaydaları ciddi məhdudiyyətlər və ziddiyyətlər yaradır”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta