AZ

"Trampın paylaşımı təsadüf yox, strateji mesajdır" -

Cənubi Qafqazda 2020-ci ildən sonra formalaşan yeni regional düzən yalnız hərbi-siyasi balansı deyil, eyni zamanda enerji, nəqliyyat və diplomatik vektorları da kökündən dəyişib. Rusiyanın nüfuzunun zəiflədiyi bir dövrdə ABŞ regionda öz maraqlarını yenidən nəzərdən keçirir və bu çərçivədə Azərbaycanın çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. Mövzu ilə bağlı Metbuat.az-a müsahibə verən Böyük Britaniyada yaşayan politoloq və siyasi analitik Neil Vatson bildirib ki, Azərbaycan həm hərbi yolla ərazilərini bərpa etməsi, həm də regionda diplomatik suverenliyini qoruması ilə Cənubi Qafqazda balans yaradan nadir aktorlardan birinə çevrilib. Həmin müsahibəni təqdim edirik: - Cənab Vatson, son illərdə ABŞ-nin Cənubi Qafqaz siyasətində əsas prioritet istiqamətlər hansılardır və bu siyasətdə Azərbaycanın rolu nədən ibarətdir? - ABŞ–Azərbaycan diplomatik münasibətləri praqmatik xarakter daşıyır və əsasən enerji və regional təhlükəsizlik sahələrinə yönəlib. ABŞ, Azərbaycanın strateji yerləşməsini, regionda İsraillə güclü əlaqələrini və enerji resurslarını yüksək qiymətləndirir. Azərbaycan Rusiya və İranla sərhəddə yerləşir və Türkiyəyə yaxındır. Bu, ölkəni Avropa ilə Asiya arasında həm bufer, həm də keçid rolu oynayan bir qapıya çevirir. ABŞ-nin regionda Rusiya və İranın təsirini balanslaşdırmaq istəyi fonunda Azərbaycanın strateji mövqeyi daha da əhəmiyyətli olur. ABŞ, həmçinin Rusiya regional hegemoniyasını zəiflətmək üçün Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi təşəbbüslərdən istifadə etmək istəyir. - Vurğuladığınız kimi, qlobal enerji təhlükəsizliyi baxımdan Azərbaycanın ABŞ üçün əhəmiyyəti nədən ibarətdir? - Bildiyiniz kimi, Azərbaycan, BP-nin rəhbərlik etdiyi Cənub Qaz Dəhlizinin əsas iştirakçısıdır, bu dəhliz Xəzər qazını Türkiyə üzərindən İtaliya interkonnektoru vasitəsilə Avropaya çatdırır və Avropanın Rusiya enerjisindən asılılığını azaldır. Bəzi ABŞ şirkətləri boru kəmərlərinin inşasına və dənizdə enerji hasilatına dəstək göstərib. Bu əməkdaşlıq, qlobal enerji şaxələndirilməsini və Avropanın enerji təhlükəsizliyini gücləndirir. - 44 günlük müharibədən sonra ərazilərini işğaldan azad edən Azərbaycan dəfələrlə Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu ifadə edib. Sizin fikrinizcə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması ABŞ-nin maraqları ilə hansı dərəcədə uzlaşır? - Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi qələbə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və reinteqrasiya prosesi, eləcə də Ermənistanla yalnız ikitərəfli formatda davam edən sülh danışıqları fonunda regionda mühüm siyasi mövqe qazanmışdır. Bu proses, Rusiya ilə həm Azərbaycan, həm də Ermənistan arasında yaranmış gərgin münasibətlər kontekstində, Azərbaycanın ABŞ-nin Cənubi Qafqaz siyasətində getdikcə daha mərkəzi aktora çevrilməsinə səbəb olub. ABŞ bu yeni reallıqlar kontekstində Azərbaycanı regionda Rusiya və İranın təsirinə qarşı dayanıqlı bir geosiyasi əks-qütb kimi qiymətləndirir və onu həm də nəqliyyat və enerji dəhlizlərinin təşkili və inkişafı sahəsində etibarlı tərəfdaş olaraq görür. Bu yanaşma ABŞ-nin daha geniş regional strategiyası enerji təhlükəsizliyinin təmin edilməsi, marşrutların şaxələndirilməsi və sabitliyin təşviqi ilə tam uyğunluq təşkil edir. Eyni zamanda ABŞ Azərbaycanın infrastruktur və enerji sektorlarına investisiyalarını artırmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh təşəbbüslərini və regional sabitliyi dəstəkləyir. Gələcəkdə hərbi və təhlükəsizlik əməkdaşlığını bərpa etmək və genişləndirmək də bu düşüncələrin tərkib hissəsidir. - Bu yaxınlarda ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa III Qlobal Media Forumu çərçivəsində Xankəndidə iştirakçılarla görüş zamanı səsləndirdiyi fikirlərin bir hissəsini sosial şəbəkədəki hesabında paylaşdı. Bu cür jest ilk dəfə baş verməsə də, geniş ictimaiyyətin diqqətini cəlb edib. Sizin fikrinizcə, bu addım Azərbaycanın Cənubi Qafqazda artan strateji əhəmiyyətinin və ABŞ-nin regiona olan siyasi marağının göstəricisi kimi qiymətləndirilə bilərmi? - Prezident Donald Trampın Prezident İlham Əliyevin Qlobal Media Forumundakı çıxışından bir hissəni yenidən paylaşması Azərbaycanın ABŞ siyasi dairələrində artan strateji əhəmiyyətini göstərir. Bu, Cənubi Qafqaz regionunda Rusiya təsirinin ciddi şəkildə azalmasından sonra Bakıya olan geosiyasi marağın artmasının göstəricisidir. - Cənab Vatson, Zəngəzur dəhlizinin potensial açılması kontekstində ABŞ-nin mövqeyi nədən ibarətdir və bu layihə Cənubi Qafqaz siyasətinə hansı yeni impuls verə bilər? - ABŞ qanunvericiliyi 907-ci düzəliş tərəfindən məhdudlaşdırılsa da, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahəsində müəyyən hərbi əməkdaşlıq mövcuddur. Siyasi şərait imkan verdiyi təqdirdə texniki əməkdaşlıq imkanları da artırıla bilər. Son zamanlar Zəngəzur dəhlizi yenidən açılacağı halda, onun ABŞ tərəfindən idarə olunması ilə bağlı təkliflər də irəli sürülməkdədir. Azərbaycan həm enerji resurslarının həcminə, həm diplomatik çevikliyinə, həm də iqtisadi əsaslarının gücünə görə Ermənistan və Gürcüstandan daha üstün mövqedədir. Ermənistan tarixən Rusiyaya arxalanıb. Gürcüstan isə əsasən tranzit marşrutu kimi əhəmiyyət daşıyır, lakin enerji ixrac imkanlarına malik deyil və son dövrlər daha çox Rusiya yönümlü xətt tutmağa başlayıb. Bunun səbəbi, Abxaziya və Cənubi Osetiyada yerləşdirilmiş Rusiya qoşunları və ölkənin yenidən tabe etdirilmə riskinin mövcudluğudur. Bu kontekstdə Azərbaycan ABŞ üçün daha balanslı və özünə yetərli bir tərəfdaş kimi çıxış edir. - ABŞ diplomatiyası çərçivəsində Azərbaycanın Cənubi Qafqazda sülh, təhlükəsizlik və nəqliyyat-logistika qovşağı kimi rolu hansı səviyyədə tanınır və dəstəklənir? - İmkanlar arasında enerji ixracı, regional nəqliyyat bağlantıları və müdafiə əməkdaşlığı yer alır. Çağırışlara isə Ermənistanla balanslı münasibətlərin qorunması, eləcə də Rusiya və İranla davamlı dəyişən gərginliklərin ABŞ-nin regionda daha dərin iştirakı üçün yaratdığı risklər daxildir. ABŞ investisiyalarının bu sahələrdə artması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə və Qərblə münasibətlərinin güclənməsinə töhfə verə bilər. Bu, xüsusilə Rusiya ilə münasibətlərin gərginləşdiyi indiki mərhələdə önəm kəsb edir. Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Seçilən
23
metbuat.az

1Mənbələr