AZ

İsrail İran qarşıdurmasında kövrək fasilə: Yaxın saydığı dövlətlərin Tehrana münasibəti dəyişəcək

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"İsraillə İran arasındakı 12 günlük müharibə münaqişənin başlama səbəblərini tamamilə aradan qaldırmayıb. Bəlli oldu ki, yüksək səviyyədə zənginləşdirilmiş uran öncədən çıxarılıb və bu baxımdan bu, potensial təhlükə vəd edir. Yəni İsrailin Amerika Birləşmiş Ştatları ilə birlikdə keçirdikləri əməliyyat, demək ki, öz hədəflərinə çatmayıb. Ona görə də yeni qarşıdurma, müharibənin başlama ehtimalı böyükdür".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, bu, qısa zamanda baş verəcək hadisə deyil:

"Ola bilər ki, hansısa lokal xarakterli hadisələr, təxribatlar baş verə bilər. Ancaq ən azından, 12 günlük müharibə kimi intensiv bombardman əməliyyatlarının keçirilməsini gözləmirəm. Çünki bunun üçün hazırlıqlara ehtiyac var. İsrail bu əməliyyatı başlayana qədər, demək olar ki, yığdığı bütün resursları xərclədi və bu da müharibənin məhz belə kontekstdə bitməsində çox əhəmiyyətli rol oynadı. Ona görə də xərclənən resursları yenidən yerinə qoymaq lazımdır.

Onu da nəzərə almaq lazımdır ki, İsrail prosesləri səssiz-səmirsiz izləyəcək ölkə deyil. Bir tərəfdə Qəzza, başqa bir tərəfdə Livan "Hizbullah"ı, eyni zamanda, Suriyada müəyyən milli azlıqlarla qarşıdurmalar var. Buna görə də ilk növbədə hərbi resursların, eyni zamanda, maliyyə resurslarının toplanmasına ehtiyac var. Bir də bu məsələdə Amerika Birləşmiş Ştatlarının siyasi iradəsi çox önəmlidir. Çünki ABŞ-siz belə bir müharibəyə İsrailin girişməsi mümkün deyil.

Bundan başqa, qarşıdurmanı yenidən başlatmaq üçün İranı çökdürəcək altsistemlər qurmaq lazımdır. Söhbət İranın uzunmüddətli müharibə apara bilməməsi üçün büdcəsinə məhdudiyyətlər tətbiq etməkdən gedir. Artıq ABŞ bu istiqamətdə fəaliyyətə də başlayıb, fiziki şəxslərdən tutmuş İran neftini daşıyan tankerlərin məxsus olduğu şirkətlərə, eyni zamanda, bu şirkətlərdən neft alan ölkələrə qədər hamısına rüsumların tətbiq olunacağı artıq rəsmiləşib. Yəni müharibə üçün demək olar ki, zəmin yaradılıb".

"İran elə bir vəziyyətə gətiriləcək ki, ya özü bütün şərtləri qəbul edəcək, ya da yenidən ona qarşı hərbi əməliyyatlar keçiriləcək. Bu xüsusda İran yenə də tək qalacaq. Bu gün Rusiyanın, yaxud digər dövlətlərin İranın yanında yer alacağı ilə bağlı görüntülər aldadıcıdır. Ən azından, 12 günlük müharibədə nə Rusiyanın, nə də Çin kimi qlobal gücün İranın yanında durduğunu gördük. Yəni bəyanat vermək çox asandır, amma bu, İranın problemini həll etmir. Bu baxımdan, əgər yenə də Rusiya ilə dostluq, qardaşlıq görüntüləri yaradılırsa, bunlar aldadıcıdır və paralel olaraq bir də Amerika Birləşmiş Ştatları müharibəni başlamamışdan əvvəl İranı zəiflətmək siyasəti kontekstində İrana yaxın sayılan dövlətlərin də Tehrana münasibətini dəyişəcək.

Çin Sədri Si Cinpin ilə Donald Tramp arasında görüş gözlənilir və bu görüşdə iqtisadi, siyasi və digər yöndə çox ciddi müzakirələr gedəcək. Danışıqlar Rusiya-Ukrayna müharibəsini, eyni zamanda İranı da müəyyən mənada ehtiva edəcək. Yəni çalışılacaq ki, İrandan neft alınmasın.

Ona görə də bütün bu məsələlər tam hazırlanana qədər, yəni ABŞ və İsraili qane edəcək mühit hazırlanana qədər hər hansı ciddi, birbaşa müharibə olmayacaq. Ancaq bundan sonra İran yenə də yola gəlməyəcəksə, təbii ki, yeni müharibə qaçılmazdır. Çünki 12 günlük müharibə konkret hədəflərinə çatmayıb. Bu da o deməkdir ki, İsrail hələ də potensial təhlükə qarşısındadır", - deyə politoloq fikrini əsaslandırıb.

Müsahibimiz mümkün müharibənin konkret nəticələri ilə bağlı proqnoz da verib:

"İran çox böyük problem qarşısındadır. Nüvə mərkəzləri məhv edilib, böyük maliyyə çatışmazlığı var. Sosial problemlər həllini tapmayıb və bütün bunların fonunda, düşünürəm ki, növbəti bir müharibəni İranın indiki rejimi qaldıra bilməyəcək".

"Prezident Məsud Pezeşkianın son çıxışı, əslində, İranın xarici siyasətinin təməldən dəyişməsi ilə bağlıdır. Bu, zamanında bir nöqtə atışı kimi dəyərləndirilməlidir. Elə strateji məsələlərə toxunuldu ki, onlar İranın 46 illik rejiminin mənfur siyasətinin tərkib hissəsi olmaqla bərabər, həm də bu acınacaqlı vəziyyəti doğuran amil olub. İran özünün yanlış siyasətinin nəticəsində təcrid olunub. 12 günlük müharibədə heç bir dövlət, xüsusilə də özünü müsəlman sayanlar İranı müdafiə etmədilər. Buna görə də İranın siyasətinin dəyişməsi zəruridir və Prezident Məsud bəy də məhz bunu dilə gətirdi. Əgər Pezeşkiana imkan verilərsə, xarici siyasət təməldən dəyişərsə, bütün qonşu və müsəlman ölkələrlə münasibətlər dostluq səviyyəsinə qaldırılarsa, iqtisadi, siyasi, hərbi və digər yöndə əməkdaşlıqlar dərinləşdirilərsə, İranın əsl təhlükəsizliyinə onda təminat veriləcək. Çünki bu, hər cəhətdən İranın yüksəlişinə yol açan bir məsələdir.

Ancaq mən İranda mövcud olan digər güc mərkəzlərinin, yəni molla rejiminin bunu qəbul edəcəyini düşünmürəm. Çünki verdikləri bəyanatlar hədədən başqa bir şey deyil. Ona görə də Məsud Pezeşkian, bəlkə də, İranın gələcək inkişafı üçün son şansıdır. Görünən isə budur ki, İranın molla rejimi baş verənlərdən hələ də nəticə çıxarmayıb", - N.Miri fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
oxu.az

1Mənbələr