Pivə bakalını həmkəndlisinin başına çırpdı
Füzuli rayonunda kafelərdən birində dava düşüb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 26-da rayonun Yuxarı Kürdmahmudlu kəndi ərazisində baş verib.
Kənd sakini, 1999-cu il təvəllüdlü İlkin yerləşən ictimai yer hesab edilən Zakirin işlətdiyi adsız çayxanada etdiyi zarafatın ona xoş gəlmədiyini bəhanə gətirərək Orxan Əliyev ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib.
Orxanın ünvanına nalayiq söyüşlər söyüb və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.
Daha sonra pivə bakalı ilə qəsdən Orxanın alın və ağız nahiyələrindən ard-arda iki zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən İlkinin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə
Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində yaşayır: “Zərərçəkmiş şəxs həmkəndlimdir, əvvəllər aramızda hər hansı ədavət və ya düşmənçilik olmayıb. Həmkəndli kimi normal münasibətimiz olub. Mayın 26-da, saat 19 radələrində dostum Aslanla birlikdə Yuxarı Kürdmahmudlu kəndi ərazisində yerləşən Zakir adlı şəxsə məxsus kafedə pivə içərkən zərərçəkmiş Orxan həmin kafeyə gəldi. Həmin vaxt biz oturan masada 3 bakalda pivə olub.
Orxan masanın üstündən pivə dolu bakalın birini götürərək başqa stolda oturdu. Orxana pivənin ona süzülmədiyini dedim və götürməməli olduğunu bildirdim. O, isə gözləyə bilmədiyini, mənim gözləyə biləcəyimi dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra aralarında narazılıq yaranıb: “Orxan “sən kişi deyilsən” deyərək ünvanıma nalayiq ifadələr işlətdi. Orxan ünvanıma nalayiq söyüşlər söyərək əli ilə boğaz nahiyəmdən tutdu. Bu zaman masanın üzərindəki şüşə materialdan olan boş pivə bakalını götürərək Orxanın baş nahiyəsinə bir dəfə zərbə vurdum. Aramızda dava-dalaş başladı. Dava zamanı Orxanı dalaşdığımız kafenin ikinci mərtəbəsindən aşağı atmaq istədim. Lakin orada olan kafenin sahibi Zakir və dostum Aslan bizi aralaşdırdılar. Bundan sonra oradan aralanaraq öz yaşadığım evə getdim”.
Bu cinayət işinə Füzuli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 5 may 2025-ci ildən hesablanması qərara alınıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, dərhal məhkəmə iclas zalından həbs edilib.
Fariz Məlikli
Demokrat.az