Xəbər verdiyimiz kimi, 27 iyulda Bakıda konsert verən və səhnə performansı tənqid edilən amerikalı müğənni Castin Timberleyk laym xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 44 yaşlı sənətçi güclü nevralgik ağrılar, yorğunluq və əqli bulanıqlığın ona konsert zamanı çətinliklər yaratdığını bildirib.
Bəs laym xəstəliyi nədir?
Laym xəstəliyi adətən “Borrelia burgdorferi” bakteriyası ilə yoluxmuş gənə dişləməsi ilə ötürülən zoonoz yoluxucu xəstəlikdir.
İlk dəfə 1975-ci ildə ABŞ-ın Old Laym sahil qəsəbəsində bu xəstəlik diaqnoz olaraq qoyulub. Dörd əsas “Borrelia” bakteriya növündən ən azı birini daşıyan xəstəliyə səbəb olan gənələr ümumiyyətlə otlu və sıx meşəlik ərazilərdə yaşayır.
Bakteriyaları ötürmək üçün gənələr ən azı 24 saat bədəndə qalmalıdırlar.
Qızdırma, baş ağrısı, əzələ və oynaq ağrıları, boyun tutulması, halsızlıq kimi qripə bənzər əlamətlərlə özünü göstərir. Müalicə edilmədikdə üz əzələlərinin iflici, ürək və oynaq problemləri kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Necə müalicə edilir?
Laym xəstəliyi erkən diaqnoz qoyulduqda antibiotik müalicəsi ilə tamamilə müalicə oluna bilən bir infeksiyadır. Müalicə variantları xəstəliyin mərhələsindən və simptomların şiddətindən asılı olaraq dəyişir və bunlara dərman müalicəsi, oral terapiya, venadaxili terapiya, simptomatik terapiya, dəstəkləyici və reabilitasiya proqramları daxildir.
Yoluxucudur?
Qan, tər, öpüş, cinsi əlaqə və ya hava-damcı yolu ilə insandan insana yoluxmur. Yoluxma yalnız enfeksiyalı gənənin insanı dişləməsi ilə baş verir.
Hamilə qadınlardan bəzən nadir hallarda dölə keçməsi halları qeydə alınsa da, bu çox nadir və elmi mübahisəli haldır.
İtlər və pişiklər də bu xəstəliyə yoluxa bilər, amma onlar da insana birbaşa yoluxdurmur.
Billurə