AZ

Ticarət müharibəsi başladı?

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın 1 avqustdan etibarən bir çox ölkəyə tətbiq etdiyi yeni tariflər qüvvəyə minib. Bəzi məhsullara 10, 15, 25, 40 və 50 faiz dərəcəsində rüsumlar tətbiq olunub. Bu qərar qlobal ticarətdə gərginlik yaradıb və proseslərin necə cərəyan edəcəyi ilə bağlı çoxsaylı suallar doğurub.

Politoloq Rəşad Bayramov Oxu.Az-a açıqlamasında bildirib ki, Trampın həyata keçirdiyi tarif siyasəti dünya iqtisadiyyatında balansı əhəmiyyətli dərəcədə dəyişir:

"Xüsusilə Çin və Avropa İttifaqı kimi böyük ticarət tərəfdaşlarına tətbiq olunan sanksiyalar və onların ABŞ-yə qarşı verdiyi cavab reaksiyaları nəticəsində artıq dünya miqyasında ticarət müharibəsinin şahidi oluruq. Bu cür addımlar tətbiq olunduğu ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, eyni zamanda, ABŞ iqtisadiyyatına da zərbə vurur".

Ekspertin sözlərinə görə, tariflərin tətbiqi ABŞ daxilində də narazılıqla qarşılanıb:

"İlkin mərhələdə bir sıra məhsulların qiymətinin artması ölkə daxilində etirazlara səbəb oldu. Tramp bu riskləri minimallaşdırmaq üçün ərəb ölkələri ilə milyardlarla dollarlıq müqavilələr bağladı, Avropa İttifaqı ilə güzəştli ticarət razılaşmaları əldə etdi. Lakin bu siyasət uzunmüddətli və davamlı görünmür. Tramp administrasiyası əvvəlki tariflərin bir qismini də danışıqlar bəhanəsi ilə dayandırmışdı. Gerçək səbəb isə onların ABŞ iqtisadiyyatına mənfi təsiri idi".

"Bu siyasət uzun sürməyəcək. Yəqin ki, yaxın vaxtlarda bir sıra ölkələrin yenidən danışıqlara başlamaq istədiyini və Tramp administrasiyasının da buna müsbət yanaşaraq tarifləri dondurmaq qərarına gələcəyini görəcəyik. Bu siyasət ABŞ üçün potensial tərəfdaşlarla problemlər yarada, onları alternativ bazarlara yönəldə bilər. Ən real alternativ isə Çindir və bu, ABŞ üçün strateji baxımdan arzuolunmazdır", - politoloq hesab edir.

İqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru Emin Qəribli isə Oxu.Az-a açıqlamasında bildirib ki, Trampın hakimiyyətə gəldiyi gündən əsas diqqəti tariflərin artırılmasına yönəlmişdi:

"ABŞ illər əvvəl bir sıra istehsal sahələrini işçi qüvvəsi ucuz olan ölkələrə köçürdü. Bu səbəbdən həmin məhsullar daha ucuz başa gəlir və sonradan ABŞ-yə daha ucuz qiymətə qayıdırdı. Bu prosesdən həm istehlakçılar, həm də şirkətlər faydalanırdılar. Ancaq zamanla həmin ölkələrdə ABŞ şirkətlərindən başqa yerli istehsalçılar da meydana çıxdılar. Nəticədə ABŞ güzəştləri aradan qaldıraraq tarifləri artırmağa başladı".

Ekspert qeyd edir ki, bu siyasətin nəticələri qlobal iqtisadiyyata da təsirsiz ötüşməyəcək:

"Tariflər qiymət artımı və iqtisadi balanssızlıq yarada bilər. Mövcud qlobal ticarət sistemi pozulduqda yeni sistemə keçid müəyyən problemlərlə müşayiət olunacaq. Amma bu, region ölkələri üçün də bir çağırışdır. Düşünürəm ki, regionlar daxilində iqtisadi inteqrasiyanın gücləndirilməsi alternativ çıxış yolu ola bilər. Avropa İttifaqının modeli buna nümunədir".

"ABŞ bir vaxtlar qlobal iqtisadi sistemin birmənalı lideri idi. İndi isə həmin mövqeyini itirdiyini anlayaraq yeni üsullarla dominantlığını bərpa etməyə çalışır", - deyə müsahibimiz ABŞ-nin hazırkı siyasətini xarakterizə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
4
oxu.az

5Mənbələr