ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər ölkədə geniş rezonansa səbəb olan cadu qalmaqalı ilə bağlı Musavat.com-da ardıcıl məlumatlar yayımlanır. Saytımıza daxil olan yeni məlumatlar göstərir ki, məsələ təkcə idman aləmi ilə məhdudlaşmır – artıq deputatların da adları bu iddialarda hallanmağa başlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl saytımızda futbolçuların bir-birinə cadu etməsi, hətta Azərbaycan millisinin sabiq üzvü, sonradan müxtəlif klublarda baş məşqçilik etmiş Tərlan Əhmədovun bu işlərdə adının hallanması barədə məlumat vermişdik. Məsələ cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.
Bu dəfə isə redaksiyamıza daxil olan məlumatda sabiq deputat, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun da falçılara üz tutduğu iddia edilir. Bildirilir ki, keçmiş deputat tez-tez falçıların qəbulunda olub və bu “seanslara” xeyli pul xərcləyib.
Məlumatı verən mənbənin sözlərinə görə, Elton Məmmədov falçıların “məsləhətləri” ilə siyasi və şəxsi qərarlar verməyə meylli olub. Onun müxtəlif dövrlərdə bir neçə tanınmış falçının yanına getdiyi və bu sahəyə inandığı iddia edilir.
Qeyd edək ki, bu, falçılıq və cadu məsələsində adı hallanan ilk deputat deyil. Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, bir çox sabiq və indiki deputatların da falçılara müraciət etdiyi, bəzilərinin isə siyasi karyerasını belə bu "məsləhətlər" üzərindən yönləndirdiyi deyilir.
Elton Məmmədovun bu iddialarla bağlı mövqeyini öyrənməyə çalışdıq, sabiq deputatın mobil telefonu bağlı idi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, falçılığın doğurduğu təhlükələrin təkcə mənəvi deyil, eyni zamanda ciddi hüquqi nəticələri də olur. Misal üçün, ötən ilin oktyabrında ictimai rezonans doğurmuş bir məhkəmə işi çərçivəsində Ceyhun Zeynallı və Şəfəq İsmiyeva adlı şəxslər 1 milyon 998 min manat dələduzluq yolu ilə əldə etdiklərinə görə uzunmüddətli həbs cəzasına məhkum edilmişdilər. Onlar Əmlak Komitəsinin sabiq rəhbəri Kərəm Həsənovun bacısı və yeznəsinə övladlarının “bəxtini açmaq”, “cadunu çıxarmaq” vədləri ilə külli miqdarda pul almış, “Maya” və “Dmitri” təxəllüsləri ilə fəaliyyət göstərmişdilər. Bu səs-küylü iş Ali Məhkəməyə qədər gedib çıxmışdı və cəmiyyətə açıq şəkildə göstərdi ki, xurafata aludəçilik nəinki insanı maddi və mənəvi ziyana salır, eyni zamanda hüquqi təhlükə ilə də nəticələnə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.