AZ

Azərbaycan millisinin futbolçusu "Arda"nı "Sabah"a nümunə göstərdi

BAKI. 1 avqust. TELEQRAF

"Əlbəttə, rəqib böyük tarixə malik komandadır. Çempionlar Liqasında da iştirak ediblər".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və Bolqarıstan "Arda"sının futbolçusu Cəlal Hüseynov "Sabah" komandasının "Levski"yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunlarındakı şansları barədə danışarkən deyib.

22 yaşlı mərkəz müdafiəçisi bildirib ki, Sofiya təmsilçisi istər ev, istərsə də səfər matçlarında çox böyük azarkeş kütləsinə malikdir: "İlk oyun Bolqarıstan paytaxtındadır, böyük azarkeş təzyiqi olacaq. Bəlkə də ölkənin ən böyük tamaşaçı kütləsi oradadır. Hər oyunda stadionu doldururlar. "Sabah" 30 minlik dolu tribunalar qarşısında oynayacaq və bu amil Azərbaycan komandasına çətinlik yaradacaq. Ümid edirəm ki, öhdəsindən gələcəklər".

Hüseynov komandaların şanslarını da dəyərləndirib: "Həm "Sabah"a, həm də "Levski"yə qarşı oynamışam. Hansının üstün olduğunu deyə bilmərəm. HİK də bizdən üstün görünürdü, amma göstərdik ki, futbolda hər şey mümkündür. Deyərdim ki, "Levski"nin mərhələ şansı daha çoxdur. Amma əlbəttə, "Sabah" da güclü komandadır, yaxşı futbolçuları var, bu komandanı heç cür kiçiltmək olmaz. Azərbaycan klubu Bolqarıstan təmsilçisini keçə bilər. Şanslar 80/20 yox, 60/40 "Levski"nin xeyrinədir. Kim güclüdürsə, o da qalib olsun".

"Arda" Konfrans Liqasının II təsnifat mərhələsində Finlandiya HİK-ini (0:0, 2:2) penaltilər seriyasında üstələməyi bacarıb - 4:3.

Qeyd edək ki, "Sabah" "Levski" ilə ilk oyununu avqustun 7-də Sofiyadakı "Georgi Asparuxov" stadionunda, cavab görüşünü avqustun 14-də Əlincə stadionunda ("Bank Respublika Arena") keçiriləcək.

Seçilən
32
teleqraf.com

1Mənbələr