Bütün dünyanın gözü önündə Qəzza əhalisi aclıq və susuzluqla sınağa çəkilir, körpələr, yaşlılar, qadınlar aclıqdan ölürlər. Üstəgəl İsrailin hücumları, yardım üçün növbəyə duranların atəşə tutulması vəziyyəti daha da dramatikləşirir. Dünyanın müxtəlif yerlərində Qəzza ilə bağlı çağırışlar artmaqdadır. Beynəlxalq təşkilatlardan vaxtaşırı bəyanatlar səsləndirilir. Bir çox dövlətlər Fələstinin müstəqil dövlət kimi tanınmasını dəstəkləyirlər. Ancaq bütün bunlar İsraili dayandırmaq üçün yetərli deyil.
Mövzu ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, Qəzzadakı vəziyyətlə bağlı beynəlxalq səviyyədə ciddi dəyişikliklər baş verə bilər:
Onun sözlərinə görə, əvvəllər dünya ictimaiyyəti Qəzzadakı insan faciələrinə biganə yanaşsa da, son dövrlərdə bu məsələ qlobal gündəmin əsas mövzularından birinə çevrilib: "Bir sıra nüfuzlu ölkələr İsraili bölgədəki hərbi əməliyyatları dayandırmağa çağırırlar. Eyni zamanda Qəzzada insanlara humanitar yardımların göstərilməsi üçün şərait yaradılmasını tələb edirlər. Bir çox dövlətlər, xüsusən də Qərb dövlətləri İsraildən savaşı dayandırmaqla yanaşı, bu münaqişəni sülh yolu ilə, həm də beynəlxalq hüquq normaları çərçivəsində həllini tələb edirlər. Qərb hesab edir ki, bu münaqişə iki dövlət formatında həll edilməlidir. Fələstinin müstəqil dövlət kimi tanınması istiqamətində səylər artır. Fələstin və İsrail iki müstəqil dövlət kimi sülh şəraitində yaşamalıdır".
E.Xalidbəyli vurğuladı ki, hazırda bu istiqamətdə ciddi proseslər başlayıb: "ABŞ-da da ciddi narahatlıq mövcduddur. ABŞ İsrailin ən yaxın müttəfiqidir və hazırki münaqişələrdə Təl-Əvivi dəstəkləyir. Ancaq Donald Tramp administrasiyası ABŞ-da İsrailə qarşı formalaşan antipatiyadan narahatdır. Ona görə də, Tramp administrasiyasının da son vaxtlar rəsmi Təl-Əvivə təzyiqlər etməsi ilə bağlı məlumatlar mövcuddur".
Siyasi şərhçinin sözlərinə görə, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında Fələstin mövzusunda müəyyən addımlar atıla bilər: "Xüsusilə Fransa və Böyük Britaniya artıq bu istiqamətdə ciddi mesajlar veriblər, Almaniya da analoji addımlar atmağa meyillidir. Paralel olaraq bəzi AB dövlətləri İsraillə iqtisadi-ticari əlaqələrə yenidən baxacaqları ilə bağlı təhdidlər irəli sürürlər. Bu mənada Yaxın Şərqdə Fələstin münaqişəsi ətrafında vəziyyət getdikcə qəlizləşir. Bu proses müəyyən bir mərhələdə sona çatmalıdır. Fələstinin taleyi və Yaxın Şərqdə həyata keçirilən dağıdıcı proseslərin taleyi böyük ölçüdə sentyabrda keçirilək BMT Baş Assambleyasında aydınlaşa bilər.
Nigar Əkbərova,
Sitat.info