BAKI, TurkicWorld, Nailə Babazadə
Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, təşkilatın açıqlamasında bildirilib: “ABŞ tərəfindən dəstəklənən İsrail qüvvələri qüsurlu yardım bölgüsü sistemini həyata keçirərək bu yardımları gündəlik qətliamlara çevirir.”
Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İordaniya Haşimi Xeyriyyə Təşkilatı (JHCO) tərəfindən təqdim edilən 34 paletlik və 14 tonluq yardım bu gün baş tutan iki ayrı hava əməliyyatı ilə Qəzzaya çatdırılıb. Yardım bağlamalarında əsasən ərzaq, dərman və uşaq südü tozu yer alıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlamasında bildirib ki, “Qəzzada ərzaq və dərman çatışmazlığı var. Aralarında uşaqların da olduğu çox sayda insan sağ qalmaq uğrunda mübarizə aparır. Hava yolu ilə edilən yardımlar yalnız ehtiyacların kiçik bir hissəsini qarşılayır. Mənim gözləntim odur ki, İsrail aylarla ağır iztirab çəkən Qəzza əhalisi üçün genişmiqyaslı humanitar yardım təmin etsin.”
Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Johann Wadephul isə qeyd edib ki, havadan edilən yardımlar quru yolu ilə çatdırılan yardımların əvəzini verə bilməz.
“Kifayət qədər yardım ancaq quru yolu ilə insanlara çata bilər. Buna görə İsrail hökumətini Birləşmiş Millətlər və beynəlxalq yardım təşkilatlarına təhlükəsiz giriş və ilk növbədə təhlükəsiz bölgü imkanı yaratmağa çağırırıq.” - deyə o bildirib.
Uçuşların izlənməsi platforması Flightradar24-ün məlumatına görə, cümə günü günorta saatlarında Almaniya Hava Qüvvələrinə məxsus iki A400M hərbi-nəqliyyat təyyarəsi Fransa və İspaniyaya məxsus təyyarələrlə birlikdə Qəzzaya yardım paketləri atıb və daha sonra Ürdünə geri dönüb.
Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.
Beynəlxalq ictimaiyyətin tənqidindən sonra işğalçı İsrail hökuməti İsrail və ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Vəqfinin (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.
Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1330-a, yaralıların sayının isə 8818-ə yüksəldiyini açıqlayıb.