“ABŞ hər zaman Azərbaycanla maraqlanıb. Bunun əsas səbəbləri Xəzər hövzəsindən neft və qazın əsas mənbə və tranzit marşrutu kimi rolu, həmçinin İranla sərhəddə və İranla Rusiya arasında yerləşməsidir”. Bunu Metbuat.az-a açıqlamasında ABŞ dövlət katibinin keçmiş müşaviri, tanınmış politoloq Paul Goble deyib. O bildirib ki, bu marağın konkret təzahür formaları isə həm beynəlxalq mühitdə, həm də ABŞ-nin özündə baş verən dəyişikliklərə uyğun olaraq zamanla dəyişib:“ABŞ-nin diqqəti bəzi dövrlərdə bir məsələyə, digər dövrlərdə isə insan haqları və demokratikləşmə kimi məsələlərə daha çox yönəlib. Hazırda Vaşinqton üçün Azərbaycanın neft-qaz potensialı və strateji coğrafi mövqeyi insan haqları və demokratikləşmə məsələlərindən daha önəmlidir. Son dəyişikliklərin əsas səbəbi də məhz budur. Azərbaycan əvvəllər olduğu kimi, bu gün də Xəzər hövzəsinin zəngin neft və qaz ehtiyatlarını Qərbə çatdıran əsas nəqliyyat marşrutlarından biridir. Eyni zamanda, ölkə İran və Rusiyanın bu enerji axınlarını pozmaq potensialına qarşı regional balansda mühüm rol oynayır”. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərini işğaldan azad etməklə bərabər, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyini də dəfələrlə ifadə edib. ABŞ-nin tərəflər arasında sülh müqaviləsinin imzalanmasında maraqları barədə suala cavab verən siyasətçi qeyd edib ki, bu, müqavilənin nəyi ehtiva etməsindən asılıdır: “Əgər bu razılaşma Azərbaycan üçün Zəngəzurdan Naxçıvana və oradan Qərbə insan və yük daşımalarını asanlaşdıracaqsa, bu zaman ABŞ-nin Bakıya marağı və dəstəyi ciddi şəkildə artacaq. Əgər bu mümkün olmasa, dəstək də artmayacaq. Hər şey həmin sülh müqaviləsinin konkret məzmunundan asılıdır”. Gülbəniz Ağayeva / Metbuat.az