AZ

“Əmanət” deyil, yük kimi BAXANLAR – Bir “Qocalar evi” ilə KİFAYƏTLƏNMƏK olar?

Azərbaycanda, ümumiyyətlə Şərq mədəniyyətində valideynlər həmişə uca tutulub, onlara xidmət, qayğıkeşlik ayrıca bir iman kimi qəbul edilib. İslamda isə valideynlərə hörmət və qayğı göstərmək, onlarla gözəl davranmaq buyurulur. Dinimiz və mentalitetimizdə valideynə bu qədər dəyər verildiyi halda bəzi övladlar, xüsusilə də müasir dövrün laqeyd, soyuqqanlı yetirmələri artıq ailə dəyərlərindən çox uzaqlaşıblar. Getdikcə qayğıya ehtiyacı olan, ailəsi olsa da baxımsızlıqdan əziyyət çəkən yaşlı valdeynlərin sayı artır.

Sosioloq Mais Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, zaman keçdikcə cəmiyyət dəyişir, insanların yaşlı nəslə, ailə dəyərlərinə olan münasibəti də fərqlənir:
 

MÖVZU İLƏ BAĞLI:

Yaşlılara baxanlar 1300 manat alacaq?


“Bu dəyişim təkcə bizdə deyil, dünyanın hər yerindədir. Yeni nəsillə əvvəlkilər arasında uçurum yaranıb. Əgər əvvəllər ata-anaya münasibət itaət şəklində idisə, sonrakı nəsillərdə hörmət edirdilər, ən yenilər isə artıq etinasız yanaşırlar. Azərbaycanda yaşlı ata-anaya qulluq etmək tükənməz borc sayılırdı, hətta ailəyə sonradan qoşulan gəlin, kürəkən də buna sözsüz əməl etməli idi. İndi isə yalnız özünü düşünən, empati qura bilməyən övladlardan şikayət edilir.

Günah valideynlərdədirmi?

Belə bir deyim var ki, övladlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. İndi reallıq budur. Evdə tək, ünsiyyətdən kənar, çox şeydən təcrid olunmuş valideyn getdikcə özünə qapanır, bu depressiv vəziyyət səhhətinə də təsir edir. Ona görə də yaşlı nəsil yerdə qalan ömrünü hüzur içində yaşamalıdır. Bu da çox vaxt öz yaşıdlarının arasında olduğu sakit “Qocalar evi”ndə mümkündür. Təsadüfi deyil ki, elə Türkiyədə də buna “Hüzur evi” deyirlər”.

Bəs mövcud “Qocalar evləri” tələbatı ödəyirmi? Yeni məkanlar açmağa ehtiyac varmı?

Azərbaycanda faktiki olaraq bir “Qocalar evi” (indiki adı “Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi”) var.  Burada yaşı 70-dən yuxarı olan, özünə qulluq edə bilməyən şəxslər yerləşdirilir. Hazırda orada 274 belə vətəndaş yaşayır. Bundan başqa,  müharibə və əmək əlilləri üçün pansionatlar da fəaliyyət göstərir.
 

Sosioloq bildirib ki, Azərbaycanda “Qocalar evi”nin sayının az olması mentalitetdən irəli gəlir, ata-anasını belə yerlərə qoymaq ayıb sayılır. Amma hazırda ailələrdə qocalara qarşı münasibət soyuduğuna, çox vaxt onları maddi yük hesab etdiklərinə görə belə baxım evlərinin sayı artırılmalıdır.


“Sadəcə olaraq, müasir baxım evləri ənənəvi “Qocalar evi”ndən fərqlənməlidir. Yaşlılar fəal həyata qoşulmalı, fiziki güc tələb etməyən məşğuliyyətləri olmalıdır. Bu işdə xarici ölkələrin, lap elə qonşu Türkiyənin təcrübəsindən yararlanmaq olar. Ayıb deyə-deyə nə qədər yaşlı abrına qısılıb övlad evində əziyyət çəkir. Bu yaşda pensiyasını oğula, nəvəyə xərcləmək yerinə elə özü yeyər. Ona görə də bu barədə əməli işlər görmək, maraqlı təkliflər təqdim etmək lazımdır”, – deyə o, vurğulayıb.  

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
59
1
bizim.media

2Mənbələr