AZ

Türkiyəli iş adamları üçün Azərbaycanda sahibkarlıq imkanlarına dair təqdimat keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Mersin şöbəsinin üzvü olan iş adamları Bakıda səfərdədir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində “Bakı KOB evi”ndə türkiyəli iş adamları və KOBİA nümayəndələri arasında görüş keçirilib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın fəaliyyəti, ölkəmizdə sahibkarlara göstərilən dəstək və xidmətlər, təşviq alətləri barədə məlumat verib. O, iş adamlarının Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, iqtisadiyyatın prioritet sektorları üzrə potensialdan yararlanmaqla ölkəmizə investisiya qoyuluşuna, yerli KOB-larla birgə layihələr icra etməyə dəvət edib. Qeyd olunub ki, KOBİA bu sahədə türkiyəli iş adamlarına dəstək göstərməyə hazırdır.

Görüş zamanı KOBİA-nın fəaliyyətinə və dəstək mexanizmlərinə dair təqdimat keçirilib, iş adamları fəaliyyətləri barədə məlumat verib və onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 

Seçilən
35
2
azertag.az

3Mənbələr