ain.az bildirir, Redaktor.az portalına istinadən.
"Hazırda gündəlik qidalanmada qazlı içkilər və təbii meyvə şirələrindən istifadə geniş yayılmışdır. Hər iki məhsulun da özünəməxsus zərərli tərəfləri mövcuddur və sağlamlıq üçün riskləri var. Bu səbəbdən onları müqayisə etmək və fərqlərini anlamaq çox önəmlidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov qazlı və natural meyvə şirələri arasındakı fərqdən danışarkən bildirdi.
"İlk növbədə qeyd etmək lazımdır ki, hər iki içkidə şəkər miqdarı yüksəkdir. Xüsusilə fruktoza ,təbii meyvə şəkəri böyük dozada qəbul edildikdə orqanizm üçün mənfi təsirlər göstərə bilər. Bundan başqa, qazlı içkilər əlavə olaraq süni dadlandırıcılar, rəngləndiricilər və qaz ilə zəngindir. Bu maddələr mədə-bağırsaq sistemində problemlər yarada, diş minasını zədələyə və asılılıq riski yarada bilər.Qazlı içkilərin tərkibində çox vaxt yüksək fruktoza siropu (HFCS) olur. Bu maddə qaraciyərin üzərinə əlavə yük qoyur və insulin müqavimətinə, yəni şəkər xəstəliyinə yol aça bilər. Turşuluq isə dişlərin aşınmasına səbəb olur. Mədə-bağırsaq sistemində diskomfort, şişkinlik və qaz yaranması qazlı içkilərin daha bir mənfi cəhətidir".
Ekspert əlavə etdi ki, təbii meyvə şirələri isə daha faydalı kimi görünə bilər amma elə deyil.
"Şirələmə zamanı meyvənin tərkibindəki liflər itirilir. Liflər qanda şəkərin tədricən yüksəlməsinə kömək edir, lakin onların olmaması qan şəkərinin sürətlə artmasına səbəb olur. Məsələn, bir stəkan portağal şirəsi 4-5 portağalın şəkərinə bərabərdir. Bu da qlisemik yükü artırır və sağlamlıq üçün risk yaradır. Bu məqamda vacibdir ki, təbii şirələrin istifadəsi də müəyyən miqdarda saxlanılsın. Onların tamamilə zərərsiz olduğunu düşünmək doğru deyil. Həmçinin, bazarda satılan bəzi "təbii" şirələrə əlavə şəkər və konservantlar da qatılır ki, bu da onların təsirini mənfi istiqamətdə gücləndirir.
Beləliklə, ən sağlam seçim meyvələri bütöv şəkildə qəbul etməkdir. Meyvənin tərkibində olan liflər, vitaminlər və minerallar birlikdə orqanizmin sağlam funksiyasını dəstəkləyir. Susuzluq hissi zamanı isə ən yaxşı içki sudur. Su, həm orqanizmi hidrasiya edir, həm də heç bir əlavə şəkər və ya kimyəvi maddə ehtiva etmir.
Nəticə olaraq, həm qazlı içkilər, həm də meyvə şirələri sağlamlıq baxımından ehtiyatla istifadə edilməlidir. Qazlı içkilər daha zərərlidir və onlardan uzaq durmaq tövsiyə olunur. Meyvə şirələrindən isə az miqdarda və mümkün qədər təbii, əlavə şəkərsiz olanları seçmək məsləhətdir", - deyə Fərid Səfərov qeyd etdi.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.