Prezident Vladimir Putin Rusiya vətəndaşlığından məhrum edilməyə dair əsasların siyahısını genişləndirən qanunu imzalayıb.
Turkustan.az-ın məlumatına görə, müvafiq sənəd hüquqi aktların rəsmi nəşr edildiyi saytda dərc olunub. Siyahıya 20-dən çox yeni əsas daxil ediləcək:
*Seksual xarakterli zorakılıq hərəkətləri törətməyə görə vətəndaşlıqdan məhrumetmə;
*İctimai çağırışlar, terrorçuluğun əsaslandırılması və ya təbliği;
*Rusiyanın təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə başqa dövlət, beynəlxalq və ya xarici təşkilatla gizli əməkdaşlıq;
*Rusiyanın iştirak etmədiyi beynəlxalq təşkilatların və ya xarici dövlət orqanlarının qərarlarının həyata keçirilməsinə kömək;
*Düşmənə Rusiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş yardım; belə fəaliyyətlərin həyata keçirilməsi üçün ictimai çağırışlar;
*Nasist elementlərinin və ya simvollarının təbliği;
*Ölkənin ən mühüm informasiya infrastrukturuna qeyri-qanuni təsir.
Bundan başqa, adam öldürmə, uşağa qarşı nalayiq hərəkətlər etmə, 12 yaşına çatmış, lakin 14 yaşına çatmamış uşaqla cinsi əlaqədə olma, yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə, yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə fahişəliyin təşkili, yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirlərini ehtiva edən materialların hazırlanması və yayılması, habelə yetkinlik yaşına çatmayandan pornoqrafik materialların hazırlanması məqsədilə istifadə edilməsi vətəndaşlığın ləğvi ilə nəticələnəcək.
Eyni zamanda, siyahıya qrup şəklində zorlama və ya xüsusi amansızlıqla və ya zöhrəvi xəstəliyə yoluxma nəticəsində cinsi xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan şəxsi cinsi xarakterli hərəkətlərə məcburetmə, mütəşəkkil dəstə tərəfindən internet vasitəsilə və ya yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı əleyhinə cinayət törədənlər daxildir.
Ekstremist səbəblərdən və ya terrorçuluğa, yaxud təxribata bəraət qazandırmaq məqsədilə törədilmiş, qanunsuz miqrasiyanın təşkili və hər hansı digər cinayət Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməsi üçün də əsas olacaq.
Rusiyada miqrantlara qarşı təzyiqlərin artdığı hazırkı dönəmdə Prezident Putinin qeyd edilən fərmanı əcnəbilərin ölkədən çıxarılması məqsədi daşıyır. Ona görə də sözügedən sənəd xüsusilə də postsovet ölkələrindən olan miqrantların və Rusiya vətəndaşlığına malik əcnəbilərin ölkədən çıxarılması hallarının artmasına gətirib çıxaracaq. Yəni postsovet ölkələrindən gəlmiş insanların Rusiyadan sıxışdırılması qaydaları bir növ asanlaşdırılıb.
Fərmanda əksini tapmış əsaslarla adi cinayət işi açılmış istənilən əcnəbi şəxsin Rusiya vətəndaşlığı ləğv edilə və o, öz ölkəsinə deportasiya oluna bilər. Daimi yaşayış hüququ almış miqrantlara qeyd edilən ittiham aktı irəli sürüldükdə, ona vətəndaşlıq verilməyəcək.
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan Rusiya vətəndaşlar azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etməkdə, beynəlxalq təşkilatlarla gizli əməkdaşlıqda, ictimai çağırışlarda, düşmənə Rusiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş yardım göstərməkdə ittiham edilərək vətəndaşlıqdan məhrum edilə bilər.
Yaxud həkim tərəfindən cinsi əlaqə zamanı dəri-zöhrəvi xəstəliyə yoluxma diaqnozu qoyulmuş istənilən əcnəbinin vətəndaşlığına Rusiya Prezidenti tərəfindən xitam verəcək. Hətta onlar fərmanda göstərilən əsaslar üzrə qanun pozuntusuna yol vermədikdə belə, Rusiya polisi və OMON işgəncə ilə bu cinayəti vətəndaşlığı olan əcnəbi şəxsin boynuna qoya bilər.
Son vaxtlar Rusiya vətəndaşlığı olan azərbaycanlılara qarşı törədilən böhtan xarakterli zorakılıqlar bunu sübut edir. Ukraynanı müdafiə edən istənilən miqrant və ya əcnəbi nasist rəmzlərinin və elementlərinin təbliğində ittiham edilərək Rusiyadan qovulacaq.
Fərmanda əksini tapmış “terrorçuluğun əsaslandırılması və ya təbiliği” isə daha çox Mərkəzi Asiya dövlətlərinə və xalqlarına təzyiq məsədi daşıyır. Əgər indiyə qədər Rusiya rəhbərliyi Tacikistan, Özbəkistan, Qırğızıstandan olan əmək miqrantlarını milli diskrimansiya zəminində zorakılıqla ölkədən qova bilirdisə, bundan sonra Mərkəzi Asiya əsilli Rusiya vətəndaşlığı olan iş adamlarını hədəfə alacaq. Üstəlik, Mərkəzi Asiyadan olan miqrantların Rusiya vətəndaşlığı alması çətinləşəcək. /Cebheinfo.az/