AZ

Fransanın qətnaməsi sülh danışıqlarını çətinləşdirə bilər POLİTOLOQ ŞƏRH ETDİ

ain.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Fransa Milli Assambleyasında Ermənistanla bağlı təqdim olunan və qəbul edilən qətnamələr Fransa dövlətinin Cənubi Qafqaz siyasətində birtərəfli və qeyri-obyektiv yanaşmasının davamıdır. Bu qətnamələrin məqsədi yalnız humanitar və ya hüquqi deyil - daha dərinə gedən geosiyasi məqsədlər güdür. Fransa regionda möhkəmlənmək, təsir imkanlarını artırmaq və eyni zamanda Azərbaycanı siyasi təzyiq altında saxlamaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, Fransanın bu cür addımları Ermənistanla münasibətləri xüsusi strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa xidmət edir. Həm Fransa Senatında, həm də Milli Assambleyada ard-arda qəbul edilən sənədlər Ermənistanın maraqlarını müdafiə edir və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyini gözdən salmağa cəhd edir: "Lakin bu, eyni zamanda Fransa kimi dövlətin beynəlxalq vasitəçi kimi etibarlılığını şübhə altına alır. Əgər bir dövlət açıq şəkildə tərəf saxlayırsa, onun vasitəçilik missiyasına inam da azalır. Fransa, xüsusilə Makron administrasiyası dövründə Ermənistanla əlaqələri kəskin şəkildə dərinləşdirməyə başlayıb. Bu, əsasən erməni lobbisinin Fransada güclü olması ilə bağlıdır. Fransa siyasətçiləri, xüsusən də daxili siyasətdə reytinq qazanmaq və erməni icmasının dəstəyini almaq üçün Cənubi Qafqaz mövzusunu tez-tez istismar edirlər. Bu isə beynəlxalq münasibətlərdə ciddi etik və hüquqi problemlərə yol açır.

Bu cür yanaşmalar danışıqlar prosesinə zərbə vurur. Sülh danışıqları yalnız tərəflərin bərabərhüquqlu şəkildə iştirak etdiyi və üçüncü tərəflərin neytral vasitəçi kimi çıxış etdiyi şəraitdə uğur qazana bilər. Əgər Fransa kimi bir ölkə Ermənistanın mövqeyini açıq şəkildə müdafiə edirsə və Azərbaycanı təcrid etməyə çalışırsa, bu zaman etimad mühiti pozulur və sülh perspektivləri zəifləyir. Bundan əlavə, Fransa Cənubi Qafqazda Türkiyə və Azərbaycanın artan roluna qarşı bir tarazlıq yaratmaq istəyir. Lakin bu cəhd birtərəfli və qeyri-obyektiv olduğu üçün öz-özlüyündə uğursuzluğa məhkumdur. Region ölkələrinin maraqlarını nəzərə almadan aparılan hər hansı siyasət nə sülhə, nə də sabitliyə töhfə verə bilər. Fransa kimi beynəlxalq aktorların bu cür yanaşmalardan çəkinməsi və regionda sülhün bərqərar olması üçün obyektiv, ədalətli və beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqe sərgiləməsi vacibdir. Əks halda, Fransa yalnız öz nüfuzuna zərər vurmuş olacaq və bölgədə arzuolunmaz geosiyasi gərginliyin alovlanmasına səbəb ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
sia.az

2Mənbələr