Son proseslər belə deməyə əsas verir ki, Ukrayna artıq Rusiya ordusunun irəliləməsinin qarşısını ala bilmir. Kiyev Donetsk vilayətindəki Çasov Yar şəhərini də itirib.
Həmçinin, Rusiya iyulun 31-nə keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirib. Nəticədə Kiyevdə 6 nəfər həyatını itirib, 50-dən çox insan yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenskiyə qarşı etirazlar ALOVLANDI – Ukrayna üçün “II Maydan” SSENARİSİ
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın ardınca artıq Avropada da müharibəni bitirmək çağırışları artır. Artıq bir sıra Avropa ölkələri liderləri də bu barədə danışmağa başlayıblar.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukraynada döyüşlərin yaxın vaxtlarda dayandırılması ehtimalı var. Lakin bu, onun fikrincə, Rusiya təhlükəsinin aradan qalxması demək deyil:
"Rusiya-Ukrayna müharibəsinin yaxın vaxtlarda ən azı müvəqqəti olaraq dayandırılacağına dair böyük ehtimallar və çoxsaylı əlamətlər var. Lakin bu, vəziyyətimizi heç bir halda dəyişmir".
Göründüyü kimi, müharibəni bitirmək çağırışları artıq Avropa liderləri arasında da geniş yayılmağa başlayır.
Bütün bunlar savaşın sonunun yaxınlaşdığına işarə sayıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, hələlik müharibənin sonu görünmür. Onun fikrincə, hazırda Rusiya savaşı dayandırmaqda maraqlı deyil:
“Rusiya müharibəni dayandırmaq istəmir. Açıq şəkildə Ukraynanın nəzarətində olan 3 vilayətin qalan hissələrinin də ona verilməsini tələb edir. Əks halda Ukrayna torpaqlarını işğal etməklə hədələyir. Hələlik ağır-ağır olsa da, Kreml Ukraynada irəliləyir”.
Ekspert qeyd edir ki, Rusiyanın qarşısını almağın bir yolu var:
“Ukraynaya hərbi yardım artırılmalıdır. Əvvəlki illərdə hər il Kiyevə 40 milyard dollar həcmində hərbi yardımlar edilirdi. İndi ABŞ yardım etməyəcəyini deyir və tələb edir ki, Avropa Amerikadan silah alıb Ukraynaya versin. Avropa bunu etmək üçün lazımi səviyyədə imkanlara malik deyil. Kreml də bu fonda başa düşür ki, Ukrayna günü-gündən zəifləyəcək. ABŞ hərbi yardım göstərmək istəmir. Avropanın imkanları isə məhduddur”.
Həmsöhbətimiz düşünür ki, belə davam edərsə, yaxın bir ildə Rusiya məqsədinə çatacaq:
“Bu səbəbdən də Rusiya müharibəni dayandırmaq istəmir. Ona görə də Kreml ultimatumla danışır. Trampın Rusiyaya tətbiq edəcəyi sanksiyalar da Moskvanı dayandırmaq iqtidarında deyil. Trampın tətbiq edəcəyi sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək, insanların həyat şəraiti bir qədər də ağırlaşacaq. Ancaq məsələ ondadır ki, bu Rusiya rəhbərliyini qətiyyən narahat etmir.
Müharibə 2026-cı ildə də davam edəcək. Ola bilsin, sülh müqaviləsini də Zelenski deyil, başqa bir lider imzalamaq məcburiyyətində qalacaq”.
Rüfət Sultan, Bizim.Media