ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Suverenlik ideyası Azərbaycan xalqının tarix boyu apardığı mübarizələrin ruhunu təşkil edib. Ən qədim dövrlərdən bəri müxtəlif imperiyaların tərkibində yaşayan xalqımız hər zaman öz milli iradəsini qoruyub saxlamağa çalışıb".
Oxu.Az xəbər verir ki, bu fikirlər Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun "Konstitusiya və Suverenlik İli" Azərbaycanın ideoloji yüksəliş mərhələsidir" sərlövhəli məqaləsində yer alıb.
O bildirib ki, 1995-ci ildə müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edilib:
"Bu sənəd yalnız dövlətin hüquqi çərçivəsini deyil, eyni zamanda, onun mahiyyətini, xalqın iradəsini, hakimiyyətin bölünməsini və vətəndaş hüquqlarını bütün dünyaya bəyan edirdi. Konstitusiyanın 12-ci maddəsində deyildiyi kimi: "Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır". Bu fikrin arxasında suverenliyin təməl prinsipi dayanır: yəni, xalq öz taleyini özü müəyyən etməlidir".
B.Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edib:
"Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Dövlət başçısının Sərəncamında o da vurğulanır ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu baxımdan Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi həm tarixi, həm də müasir dövlətçilik fəlsəfəsinin inkişafında strateji mahiyyət daşıyır.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Prezident İlham Əliyevin bu il konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan etməsi də ölkəmizin Vətən müharibəsindən sonra yaratdığı yeni reallığa əsaslanırdı".
Hakim qeyd edib ki, Azərbaycanda son illərdə məhkəmə-hüquq islahatlarını prioritet sahələrdən birinə çevirib:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaş-məhkəmə əlaqələri daha şəffaflaşıb, hakimlərin seçimində şəffaflıq və peşəkarlıq meyarları gücləndirilib, icra mexanizmləri təkmilləşdirilərək hüquqi qərarların reallaşması təmin olunub, insan hüquqları üzrə fəaliyyət mexanizmləri beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bu islahatlar suveren dövlətin yalnız hüquq sistemini deyil, xalqın dövlətə olan inamını da gücləndirib.
Bu prizmadan çıxış edərək deyə bilərik ki, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər yalnız dövlət institutları və hüquq müstəvisi ilə məhdudlaşmamalı, suverenlik düşüncəsi ictimai şüura, təhsilə, mədəniyyətə, mediaya və ailəyə qədər nüfuz etməlidir. Bu baxımdan "Konstitusiya və Suverenlik İli" həm də ideoloji yüksəliş mərhələsi olmalıdır. Çünki Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi həm də Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji xəritənin təqdimidir. Biz bu il vasitəsilə yalnız keçmişə deyil, həm də gələcəyə baxırıq. Bəli, Vətən müharibəsində əldə olunan parlaq Qələbə ilə suverenliyin ərazi konturları artıq tamamlanıb, 2025-ci ildə isə bu suverenliyin hüquqi, ictimai, siyasi və mədəni çərçivələri tamamlanmalıdır".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.