AZ

“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı müxtəlif kitabxanalara paylanılacaq

Bakı, 1 avqust, AZƏRTAC

Şəhidliyə qovuşandan sonra ötən dörd il ərzində hərbi jurnalist Məhərrəm İbrahimovun xatirəsinin əbədləşdirilməsi üçün çox işlər görülüb. Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə, oxuduğu 100 nömrəli tam orta məktəbin sinif otaqlarından birinə onun adı verilib, qəsəbədə yaşadığı evə xatirə lövhəsi vurulub, adı Azərbaycan Televiziyasının həyətindəki mərmər lövhədə peşə fəaliyyətini yerinə yetirərkən şəhid olan həmkarlarımızın sırasına yazılıb. 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın binasına barelyefi vurulub, xatirə guşəsi yaradılıb. Adına mükafatlar təsis edilib, turnir və yarışlar keçirilib. Yeni çapdan çıxan “Jurnalist ömrünün əbədiyyət nəğməsi” də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən həmkarımızın xatirəsini əbədiləşdirən daha bir yadigardrır.

AZƏRTAC xəbər verir ki, Axundov adına Mərkəzi Kitabxanada həmin kitabının kitabxanalara paylanılma kampaniyasında bu barədə danışılıb.

Tədbirdə çıxış edən Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə keçirilməsinin xoş hadisə olduğunu bildirib. O, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizin mədəni həyatında və yazı mədəniyyətimiz tarixində mühüm əhəmiyyətli hadisə kimi dəyrləndirib, şəhid-jurnalistin həyat yolunu əks etdirən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının Milli Kitabxananın saytı vastəsilə 3 dildə təbliğ olunacağını qeyd edib.

Milli Məclisin deputatı Rizvan Nəbiyev erməni quldur birləşmələrinin mina terroru barədə bəhs edib və 2021-ci il iyunun 4-də peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda şəhid olan hərbi jurnalist Məhərrəm İbrahimovun da mina partlayışının qurbanlarından biri olduğu bildirib.

Qeyd olunub ki, kitabda Vətən müharibəsində qazanılan Zəfərdən sonra Ermənistanın müharibə cinayətləri, mülki əhalini hədəfə alması, işğaldan azad edilmiş ərazilərdə erməni faşistlərinin viran qoyduğu qədim yurd yerlərinin dəhşətli mənzərəsi barədə dolğun materiallar, birbaş hadisə yerindən verilən reportajlar əks olunub.

Kitabın rəyçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, Əməkdar jurnalist Tahir Aydınoğlu, Real Televiziya kanalının əməkdaşı Kamran Qasımov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqaları uzun müddət cəbhə bölgələrinə ezamiyyətlərdə olan, Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş bölgələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalistik fəaliyyətindən bəhs edən kitabın onun əməyinə verilən layiqli qiymət kimi xarakterizə ediblər.

Mərasimdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov iştirakçılara təşəkkür edib və “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabını Milli Kitabxanasının direktoru Kərim Tahirova təqdim edib.

Sonra erməni qəddarlığı və mina terrorunun geniş ictimaiyyətə çatdırılması, hərbi jurnalistika üzrə ixtisaslaşan tələbə və gənclərin formalaşmasına xidmət etməkdə əsas təbliğat vasitələrindən olan kitabın nüsxələrinin müxtəlif kitabxanalara paylanılması üçün Milli Kitabxanaya verilib.

 

Seçilən
29
3
azertag.az

4Mənbələr