Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun "Şəmkir"lə mübahisəsi həll olunana oxşamır.
Futbolçu Fanat.Az-a açıqlamasında qərb təmsilçisinin ona 2600 manat borcu olduğunu, həmin pulu ala bilmədiyi üçün AFFA-ya şikayət etməyə hazırlaşdığını demişdi:
"Klubla 1 illik müqavilə bağlamışdım. Son ayın maaşını almamışam. Bundan başqa, Şəmkirdə qaldığım evin pulunu da özüm ödəməli oldum. Əvvəldən nəzərdə tutulan bonusları da ödəməyiblər. Müqaviləyə əsasən 25 qol vuracağım təqdirdə, daha 800, ondan sonrakı hər 5 qola görə 100 manat almalıydım. Eləcə də 26 oyundan 23-də meydana çıxsam, əlavə 500 manat verilməliydi. Mən də 24 matçda oynamışam. Deyirlər ki, müqaviləni bizimlə yox, əvvəlki rəhbərliklə bağlamısan, get, hara şikayət edirsənsə, et... Bu nə deməkdir ki? Mən axı klubla müqavilə bağlamışam. Borclu olduqları məbləği ödəməsələr, AFFA-ya şikayət edəcəm".
Qarşı tərəfdən bu iddiaya münasibət öyrəndik. Klubun prezidenti Vüsal Məmmədov futbolçunun dedikləri ilə razılaşmayıb:
"Mənim heç dədəmə də borcum yoxdur, nəinki hansısa futbolçuya. Komanda üzvləri ilə razılaşdığımız məbləği qəpiyinə qədər vermişəm. Vidadi hara şikayət edir, öz işidir. Biz yarımpeşəkar klubuq, amma hər işimizi qanuni əsasla görürük. Klubun Vidadiyə yox, onun mənə borcu var. Mən açıb-ağartmaq istəmirəm, etdiyim yaxşılıqları, əlbəəl verdiklərimi dilə gətirmək fikrində deyiləm. Amma gəldiyi ilk günü yadından çıxarıb deyəsən, forma əyninə olmurdu. Biz ona təklif etdik ki, gəlsin danışaq, yeni müqavilə barədə söhbət edək. Premyer Liqadan təklif aldığını dedi. Sonra eşitdik ki, "Quba"ya keçib. "Quba" Premyer Liqa klubu imiş, xəbərimiz yoxmuş...".
Klub funksioneri qarşıdakı mövsümlə bağlı iddialarından da danışıb:
"Yaxşı heyət yığmışıq. Vüqar Nadirov komandanın başındadır, onunla ötən mövsüm yaxşı nəticələr əldə etmişdik. Qarşıdakı mövsümdə isə hədəf çempionluqdur. Avqustun 3-dən təlim-məşq toplanışına start verəcəyik".
Qeyd edək ki, "Şəmkir" ötən mövsüm 2-c Liqanı 5-ci yerdə başa vurub.
Mirağa