AZ

“Azərbaycan futbolçularına düzgün təlim-məşq bazası lazımdır" - Serbiyalı keçmiş futbolçu Bakı təəssüratlarını bölüşdü

Boşnak Milli Komandasının nəzdindəki “Sandžak Oyunları” müəssisəsinin direktoru və Novi Pazar İdman İttifaqının vitse-prezidenti, Serbiyanın keçmiş futbolçusu Altin Grbovic iyulun 30-da keçirilən "Qarabağ" - "Şelburn" oyunu ərəfəsində Azərbaycanda səfərdə olub. Səfərdə olarkən Azərbaycanın bəzi futbol komandalarına da baş çəkib.

Redaktor.az Altin Grbovic ilə müsahibəni təqdim edir:

- Azərbaycandakı ümumi ab-hava barədə fikirləriniz nədir? Ölkəmiz sizdə hansı təəssüratları yaratdı?

- Azərbaycan əsrlər boyu formalaşmış zəngin tarixə və müxtəlif mədəniyyətlərin sintezinə sahib bir ölkədir. Azərbaycan mədəniyyət baxımından olduqca zəngin bir dövlətdir. Novi Pazar ilə Azərbaycan arasında böyük bir coğrafi məsafə olsa da, xalqlarımız bir çox cəhətdən bir-birinə bənzəyir. Xüsusilə qonaqpərvərlik kimi ortaq dəyərlərimiz var. Mən bu istiliyi Azərbaycana gəldiyim andan etibarən hiss etdim. Bu, eyni zamanda mənim doğma şəhərimin də xarakterik xüsusiyyətidir. Bundan əlavə, aramızda Osmanlı dövrünə dayanan tarixi-mədəni bir bağ mövcuddur. Nəzərdə tutduğum mədəni bağ budur: Osmanlı İmperiyası Novi Pazarın yerləşdiyi bölgəni 500 ildən çox müddətdə idarə etmişdir. Bu gün belə, həmin dövrün izlərini şəhərin memarlığında görmək mümkündür  80-dən çox məscid və əhalisinin təxminən 90%-i müsəlmandır. Bütün bunlara görə, bu mədəni əlaqə bu gün də yaşamaqda və qorunmaqdadır.

- "Qarabağ" komandasının "Şelburn" ilə keçirdiyi oyunu necə qiymətləndirirsiniz?

"Qarabağ" artıq əvvəlki oyunda növbəti mərhələyə vəsiqə qazanmışdı, ona görə də Bakıdakı görüş daha çox formal xarakter daşıyırdı. Meydanda aydın görünürdü ki, "Qarabağ" fərdi ustalıq baxımından rəqibindən xeyli üstündür. Lakin mənə elə gəldi ki, komanda Çempionlar Liqasının təsnifat mərhələsi kimi vacib turnirə lazımı qədər hazırlıqlı deyildi. Həmçinin diqqətimi çəkdi ki, bəzi əsas oyunçular meydana çıxmadı. Güman edirəm ki, bunun səbəbi həm komandanın artıq mərhələ adlaması, həm də bəzi futbolçuların zədəli olmasıdır. Hər halda, əsas məsələ odur ki, "Qarabağ" qələbə qazandı və bununla da ölkənin UEFA reytinqinə müsbət təsir göstərdi. İndi isə qarşıda “Şkendiya” var, olduqca çətin və inadkar rəqibdir. Bu komanda çox qaçır, sona qədər mübarizə aparır. "Qarabağ" bu dəfə hər iki oyunda tam diqqətli olmalıdır, yalnız bir görüşdə deyil, hər oyunda "Şelburn" ilə olduğu kimi olmalıdır.

- Azərbaycanda tanış olduğunuz futbol komandaları ilə bağlı fikirləriniz nələrdir? Onlara münasibətiniz necədir?

- Bakıda və ümumilikdə Azərbaycanda ziyarət etdiyim klubların qarşılaşdığı əsas problemlərdən biri infrastrukturla bağlıdır. Daha dəqiq desəm, gənc futbolçuların inkişafına dəstək verən və onları məşqə həvəsləndirən təlim-məşq bazalarının çatışmazlığı hiss olunur. Buna baxmayaraq əsas komandaların oyunçularının keyfiyyəti kifayət qədər yüksəkdir. Xüsusilə Balkanlardan olan bir çox futbolçu Azərbaycana gəlməyə maraqlıdır, söhbət keyfiyyətli oyunçulardan gedir. Çünki həm maliyyə baxımından bu addım onlar üçün sərfəlidir, həm də daha öncə qeyd etdiyim kimi, buradakı insanların düşüncə tərzi bizə çox bənzəyir və bu da uyğunlaşmanı asanlaşdırır. Ümumilikdə komandalar yaxşı səviyyədədir və klub idarəçiliyinin bütün aspektlərində hər gün müəyyən irəliləyişlərin olduğu açıq şəkildə hiss olunur.

- Ümumilikdə Azərbaycan futbolunu necə dəyərləndirirsiniz və hansı sahələrdə inkişafın vacib olduğunu düşünürsünüz?

- Azərbaycanda futbol inkişaf edir. Bəlkə də yavaş templə, amma irəliləyiş aydın şəkildə görünür. Bəs niyə yavaş? Çünki daha öncə qeyd etdiyim kimi, ilk növbədə infrastrukturun daha yüksək səviyyəyə çatdırılması vacibdir. Futbolçulara düzgün təlim-məşq bazası, sabit və peşəkar mühit lazımdır, yəni harada və necə məşq edəcəklərini düşünmədən tam diqqətlə işləyə biləcəkləri şərait lazımdır. Klubların irəliləməsi üçün ilk növbədə bu sahədə iş görməsi zəruridir. Bundan sonra isə işin peşəkar tərəfi gəlir. Yəni zehni hazırlıq, daha intensiv məşqlər və futbolu hər məşqdə 100% səy tələb edən ciddi bir peşə kimi qəbul etmək vacibdir. Bu düşüncə tərzi formalaşdıqdan sonra irəliləyiş daha sürətli olacaq.
Ümumilikdə götürdükdə, Azərbaycan futbolu sevir və mən əminəm ki, bir neçə il ərzində bu ölkə hər mövsüm UEFA Çempionlar Liqasında təmsil olunan komandaya sahib olacaq.

Xədicə BAXIŞLI

22222222
Seçilən
14
1
redaktor.az

2Mənbələr