AZ

TASS-ın addımı: Medianın dili ilə verilən siyasi siqnal? - ÖZƏL

İyulun 31-də Rusiya Federasiyasının TASS agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yayıb. Halbuki TASS bu yaxınlara qədər Xankəndi toponimini istifadə edirdi. Bu qəfil dəyişiklik Azərbaycan ictimaiyyətində haqlı narahatlıq yaradıb.
TASS-ın bu addımı iki agentlik arasında illərlə qurulmuş dostluq münasibətlərinə zərbə vura bilər. AZƏRTAC rusiyalı həmkarlarını diqqətli olmağa və bu cür səhvləri təkrarlamamağa çağırır. Əks halda, Azərbaycan tərəfi də cavab olaraq Rusiya toponimlərinin tarixi adlarını gündəmə gətirə bilər.

TASS-ın "Xankəndi" əvəzinə yenidən "Stepanakert" ifadəsinə qayıtması Rusiya-Azərbaycan münasibətlərində hansı dəyişikliklərin əlaməti ola bilər?

Mövzu ilə bağlı Cross Media Təhlil Mərkəzinin analtiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Azərbaycanın mövqeyi bu məsələdə tamamilə doğrudur. Hesab edirəm ki, Rusiya növbəti dəfə yanlış addım atır. Bu ölkədəki bəzi siyasi, media, ictimai, mədəni və elmi dairələrdə - demək olar ki, hər bir sektorda - mövcud olan anti-Azərbaycan və ermənipərəst qüvvələr yenidən qeyri-obyektiv yanaşma sərgiləyirlər. Rusiya bu kimi hallara qarşı diqqətli olmalı, məsuliyyətli davranmalıdır.
Unutmaq olmaz ki, bu gün Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. "Stepanakert" adlandırılan bir məkan da Azərbaycanda mövcud deyil. Burada Xankəndi var, Qarabağ iqtisadi zonası var, region var. Bu adların dəyişdirilməsi və ya təhrif olunması təxribat xarakteri daşıyır və biz bu cür hallara səssiz qalmamalıyıq. Əgər Rusiya bu siyasəti davam etdirərsə, düşünürəm ki, Azərbaycan da cavab tədbirləri görəcək və bu cür davranışlara qarşı diqqətli olacaq.
Məsələn, Rusiyada da vaxtilə işğal olunmuş ərazilər və onların dəyişdirilmiş adları mövcuddur- yəni, ad terroru həyata keçiriblər. Əgər biz də həmin yerləri öz tarixi adları ilə çağırsaq, görəsən, Rusiya buna necə reaksiya verərdi?". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
67
olaylar.az

1Mənbələr