AZ

Uşaqlığımın səsi batdı: Sizi həmişə sevəcəyəm…

Bu səhər ağır xəbər aldıq – Azərbaycan muğam sənətinin böyük ustadı, xalq artisti, milyonların sevimlisi Arif Babayev dünyasını dəyişdi. Bu, ilk baxışda qısa bir xəbərdir. Amma yaratdığı boşluq o qədər böyükdür ki, təkcə musiqi dünyasının deyil, bütün bir dövrün, uşaqlığımızın, gəncliyimizin köklərinə, ürəyimizin ən incə simlərinə toxundu. Toxundu və acıtdı, kövrəltdi, kədərləndirdi, düşündürdü, keçmişi xatırlatdı...

Mənim uşaqlığım Sovet Azərbaycanında keçib. Bütün həmyaşıdlarım kimi. Televizorun qarşısında yığışdığımız axşamlar, çılpaq lampaların işığında yayımlanan verilişlər, hər şeyin daha sadə, daha sevgi və səmimiyyət dolu və daha təmkinli göründüyü o illərdə Arif Babayevin səsini ilk dəfə eşitdim. Səsi elə bir gücə malik idi ki, gah səni dağların ucalığına aparır, gah da ürəyinin ən gizli guşəsini titrədirdi. O səsi eşidəndə elə bilirdim ki, bu insan adi bir sənətçi deyil – xalqın içindən çıxan, amma xalqın ruhunu bambaşqa bir səviyyədə ifadə edə bilən nadir bir səs sahibidir.

O səs həm də Məcnun idi - Məcnunun, Sevginin, Həsrətin, Özləmin səsi idi...

O illərdə televizorun kiçik ekranında muğam ustadlarını izləmək, onların səsini dinləmək sanki başqa bir aləmə qapı açmaq idi. Böyümək, müdrikləşmək idi. Hər kəsin bir sevdiyi Səs vardı, mənim isə ən doğma səsim - iç səsim Arif Babayev idi. Onun ağayana, arifanə, kübar duruşu, səhnəyə çıxarkən yaydığı qəribə enerji sanki sadəcə ifa edən sənətçi deyil, evimizə qonaq gələn bir ailə üzvü idi. O, hər zaman özünü bizə yaxın, doğma, həm də uca tutmağı bacarırdı. O, sanki hamımızın evində, ocağlnda, ruhunda Tanrı qonağıydı...

Arif Babayevin səsi bizim həyatımızın fon musiqisiydi. Toylarda, yaslarda, televizorda, radioda, xüsusən bayram günlərində – harada muğam vardısa, orada onun səsi vardı. O Səsi tanımamaq mümkün deyildi: o, dərhal fərqlənirdi, seçilirdi, sayılırdı, sevilirdi. Çünki bu səs həm sənətin kamilliyini, həm də xalqın yaddaşını özündə daşıyırdı.

İllər keçdi, həyatımız dəyişdi, müstəqillik qazandıq, yeni dönəm başladı, amma Arif Babayevin səsi dəyişmədi. Bizim də sevgimiz dəyişmədi, azalmadı, kiçilmədi. Çünki o səsdə həmişə eyni güc, eyni məlahət, eyni enerji, eyni ruhaniyyət vardı.

Bu səhər Arif Babayevin vəfat etməsi xəbərini eşidəndə uşaq yaddaşımda toz basmış qapılar açıldı. Qüssə ilə xatırladım ki, uzun illərdir o qapı açılmayıb. Mənim başımmı çox qarışıq olub, çoxmu böyümüşəm, qayğılar, işlər, planlar, iddialarmı artıb, çoxmu dəyişmişəm, keçmişimdən çoxmu qopmuşam, bilmirəm. Amma çox uzaqlaşmışam, qopmuşam, sanki sürətlə qaçıram irəliyə, uzun illərdir var gücümlə qaçıram... və bu səhər o xəbər qolumdan tutub saxladı. "Nəfəsini dər" dedi, "geriyə dön" pıçıldadı, "xatırla..."

O keçmiş mənim, bizim parçamızdır axı. Hara getsək, hara qaçsaq, daşımalıyıq o yükü. Çünki məni, bizi yetişdirən, sevməyi öyrədən, yaşamağı öyrədən o keçmişdir, heç vaxt keçməyəcək keçmiş: qonşuların həyətindəki taxta skamyalar, yay axşamları açıq pəncərələrdən gələn muğam sədaları, televizorun saralmış ekranı bir anlıq gözümün önündə canlanır... Necə gözəl səhnələr, epizodlardır. O hekayələr, o əhvalatlar, o tarixçələr... Necə böyük, necə miqyassız yaddaşdır. Mayadır, kökdür, bünövrədir, təməldir. Ən başlıcası, sevgidir, səni digər bütün canlılardan fərqli edən, nəhəng hiss. İfadəsi, izahı, izharı, məncə, mümkünsüz olan Hiss. Sevmək, sevməyi sevmək, sevilməyi sevmək və bu nəhəng duyğunu ötürmək, ötürə bilmək... O köhnə, amma heç vaxt köhnəlməyən keçmişdə - yəni keçmişdən daşıdığımız yaddaşda təkcə sevgi, sevinc yox, həm də kədər var. Göz yaşı, ölümlər, itkilər, işğal var. Bizim alayarımçıq uşaqlığımız, heç vaxt yaşamağa macal tapmadığımız gəncliyimiz var. Biz - bizim nəsil bir göz qırpımında böyüdük, yaşlandıq, qocaldıq. Elə Arif Babayevin də ömrü təkcə sənət zirvələri ilə deyil, həm də xalqımızın yaşadığı ağır illərlə, Qarabağ dərdi ilə doldu. Onun da Səsi - o möcüzəvi səs ağrıya, ağıya döndü...

30 ilə yaxın davam edən Qarabağ işğalı illərində Arif Babayev də o dəhşətli dərdi öz ürəyində daşıdı. Muğamın səsi çox zaman göz yaşları ilə bərabər eşidildi. Matəmi andırdı, yaddaşımızı yandırdı. O, Şuşanı, Cıdır düzünü, doğma Ağdamı, Qarabağın o müqəddəs torpaqlarını çox sevirdi və həmin yerlərin düşmən tapdağında olmasını heç cür qəbul edə bilmirdi. Hansımız qəbullandıq ki...

Ötən il, artıq xəstə və yaşlı olmasına baxmayaraq, Arif Babayevin Şuşada, Cıdır düzündə keçirilən “Xarı bülbül” festivalının səhnəsinə çıxması mənim üçün heç vaxt unudulmayacaq bir hadisədir. Bütün Azərbaycan üçün hadisədir! Onun zəif addımlarla, yaxınlarının köməyilə səhnəyə çıxması, amma səsinin hələ də güclü, ruhlu və ruhani səslənməsi hamını kövrəltdi. Ağlatdı və qürurlandırdı. Şükr etdik Yerə, Göyə, Ordumuza, İlham Əliyevə və Qarabağı unutmayan könüllərə, ərdəmlərə. Yəqin siz də unutmamısınız: Arif Babayevin səhnədə olduğu həmin o gözəlim an təkcə bir sənətkarın ifası deyildi, həm də bir xalqın qələbəsinin, işğaldan azad edilmiş torpaqlarına qayıdışının rəmzi, şükranlığı idi. Şəhidlərimizə minnətdarlıq idi. Arif müəllim həmin gün Şuşada son dəfə səsləndordiyi muğamla sanki öz ömrünün nöqtəsini qoydu. O səs elə bil ki, azad Qarabağın havasına, dağlarına, qayalarına, ağaclarına, çiçəklərinə, bulaqlarına hopdu və əbədiləşdi.

Arif Babayevin bu dünyadan köçməsi təkcə bir sənətkarın itkisi deyil. Bu, həm də bir dövrün, uşaqlığımızın, gəncliyimizin səsli xatirələrinin bir parçasının susmasıdır. Çünki biz onu dinləyərkən öz həyatımızın ən saf, ən təmiz anlarına qayıdırdıq. Yarımçıq uşaqlığımıza, doğmalarımızın bizi heç vaxt tərk etməyəcəyi inancına, xoşbəxtliyin əbədi varoluşuna... sadəlövhlüyümüzə - amma necə də gözəl inanc idi - qaytaran o Səs bu gün getdi. Bizə son dəfə keçmişimizi, yaddaşımızı xatırladaraq getdi. Həzin bir son oldu...

Amma bir təsəlli var: o səs qalır. O səs qalacaq! Muğamın səsi, Arif Babayevin səsi nəsildən-nəslə ötürüləcək. Çünki bu səs təkcə sənət deyil, həm də xalqın ruhudur. Hər dəfə onu dinləyəcəyik, yenə də o sehrli qapılar açılacaq, biz irəliyə yox, geriyə baxacağıq və bir anlıq uşaqlığımızın həyətinə, açıq pəncərələrdən gələn muğam sədalarının sehrinə qayıdacağıq. Sevgini xatırlayacağıq...

Arif müəllim, ruhunuz şad olsun. Siz bizim yaddaşımızda həmişə yaşayacaqsınız – həm uşaqlığımızın səsi, həm də azad Qarabağın səhnəsində səslənən muğam kimi. Sizi sevirəm...

Sizi həmişə sevəcəyəm…

Seçilən
28
2
axar.az

3Mənbələr