Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-ın dünyanın top 200 universiteti sırasında yer alan nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) ilə birgə həyata keçirdiyi ikili diplom magistr proqramına qəbulla bağlı cari tədris ilində ADPU-nun magistraturalarına qəbul olunmuş tələbələr üçün onlayn infosessiya keçirilib.
Bu barədə AZƏRTAC-a Pedaqoji Universitetdən məlumat verilib.
Prorektor Eldar Aslanov vurğulayıb ki, cari ildə ADPU-nun magistraturasına qəbul olmuş 600-dək tələbədən 150-dən çoxu qeydiyyatdan keçib.
Prezident İlham Əliyevin imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti ABŞ-ın Corc Vaşinqton Universiteti ilə 2020-ci ildən etibarən ikili diplom magistr proqramını uğurla həyata keçirir. İndiyədək proqramdan məzun olan 122 nəfər hər iki universitetin magistr diplomunu alaraq əmək bazarında layiqli yer tutub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli Sərəncamı ilə ali təhsildə beynəlxalq ikili diplom proqramlarının icrası 2030-cu ilədək uzadılıb. Buna uyğun olaraq, Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti 2025/2026-cı tədris ili üzrə ikili diplom proqramına qəbul həyata keçirir.
Proqramın məzunları ADPU-nun təhsil menecmenti və CVU-nun təhsil siyasəti və insan inkişafı ixtisasları üzrə magistr dərəcələrinə sahib olurlar.
Qeyd olunub ki, proqram tam şəkildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.
Sonra ADPU-nun İkili diplom proqramının direktoru Tofiq Əhmədov çıxış edərək, proqrama qəbul olunmaq üçün əsas tələblər və müraciət prosedurları haqqında ətraflı məlumat verib, təhsilin təşkili qaydaları və yaradılan üstünlüklərdən söz açıb. Bildirilib ki, bu il Pedaqoji Universitetin magistraturasına qəbul olmuş və ingilis dili bacarıqları yüksək səviyyədə olan tələbələr bu proqrama qəbul üçün müraciət edə bilərlər.
İnfosessiyada proqrama qoşulmaq istəyən tələbələrin sualları cavablandırılıb.