AZ

“Əmanətə Sədaqət” Avstriya Yay Düşərgəsi davam edir - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi uğurla davam etməkdədir.

QHT.az xəbər verir ki, düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edirlər.

Düşərgənin növbəti günündə iştirakçılar Hallein qəsəbəsini ziyarət edərək buradakı muzeylər və mədəni-tarixi abidələr haqda ətraflı məlumat əldə ediblər. Daha sonra iştirakçılar üçün "Salzvelten" duz mağarasına ekskursiya təşkil olunub. Bu mağara dünyanın ən qədim duz mədənlərindən biri hesab olunur və burada gənclərə duz istehsalının tarixi və texnologiyası barədə maraqlı məlumatlar təqdim edilib.

Proqram çərçivəsində, həmçinin Almaniya ərazisində yerləşən məşhur Königsee gölünə də səfər baş tutub. Təbii gözəlliyi ilə tanınan bu məkanda iştirakçılar ətraf mühitlə tanış olub, unudulmaz təəssüratlar yaşayıblar.

Daha sonra düşərgə iştirakçıları Zalsburq şəhərinin tarixi abidələrini və turistik məkanlarını ziyarət ediblər.

Sonda isə Zalsburq Azərbaycan Evində düşərgənin mükafatlandırma mərasimi keçirilib. Düşərgə iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.

Seçilən
43
qht.az

1Mənbələr