“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun Sofiyada, cavab görüşü isə Bakıda olacaq.
Əsas 1914-cü ildə qoyulan “Levski” klubu Bolqarıstanın milli qəhrəmanı Vasil Levskinin şərəfinə eyni adla adlandırılıb. Komandanın ləqəbləri “Göylər”, “Xalq komandası” və “Mavi Lavina”dır (Lavina komandanın kütləvi, dayandırılması çətin hücum gücünü və eyni zamanda azarkeş kütləsinin coşqusunu simvolizə edir). Bolqarıstan təmsilçisi ev oyunlarını “Georgi Asparuhov”da keçirir. Arenanın tutumu 17 min nəfərlikdir.
“Levski” ölkəsinin ən titullu komandalarındandır. Sofiya təmsilçisi tarixində 26 dəfə Bolqarıstan çempionatını, 26 dəfə isə ölkə kubokunu qazanıb. “Mavi Lavina” 3 dəfə də Superkubokun qalibi olub. Komanda ötən mövsümü çempionatda 72 xalla ikinci sırada bitirib və çempion “Ludoqorets”dən 11 xal geri qalıb. “Levski” bu mövsüm isə 2 turdan sonra maksimum nəticə göstərib və 6 xalla “Ludoqorets”lə şərikli liderdir. Komanda bu oyunlarda 7 qol vurub, 1-ni buraxıb.
“Levski”nin heyətinin dəyəri 21,43 milyon avrodur. “Göylər”in ən dəyərli oyunçusu yarımmüdafiəçi Marin Petkovdir. Klubun yetirməsi olan 21 yaşlı futbolçunun qiyməti 3 milyon avrodur. Marin bu mövsüm Avropa Liqasında 4 oyunda da meydana çıxıb və komandanın əsas oyunçusudur. “Levski”də Tsunami, Kristian Makun, Svetoslav Vutsov kimi keyfiyyətli oyunçular da var. Komandanın heyətində 15 legioner çıxış edir. Onlar Braziliya, Fransa, Venesuela, Seneqal, Serbiya kimi ölkələrin təmsilçiləridir.
“Levski”yə ispan mütəxəssis Xulio Velaskes rəhbərlik edir. O, bu ilin yanvarından komandanın sükanı arxasındadır. “Levski” onun rəhbərliyi altında 24 oyunda 11 qələbə qazanıb, 10 heç-heçə edib. Mütəxəssis komandasını 4-2-3-1 sistemi ilə oynadır.
“Levski” müxtəlif göstəricilərlə adını Bolqarıstan futboluna yazdıra bilən komandadır. Belə ki, sofiyalılar 1937-ci ildən sonra heç vaxt elitanı tərk etməyən yeganə klubdur. “Mavi Lavina” həm də ölkə futbolunda Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacaran ilk kollektivdir. “Levski” 2006/07 mövsümündə bunu bacarıb. “Göylər” ümumilikdə avrokuboklarda 216 oyuna çıxıb, 75 qələbə qazanıb. Komandanın ən böyük beynəlxalq uğuru 1975-76 və 2005/2006 mövsümündə UEFA Kubokunda 1/4 finala qədər irəliləməsi olub.
“Levski” buna qədər bir dəfə Avropa arenasında Azərbaycan təmsilçisinə rəqib olub. Komanda 2009-cu ildə Çempionlar Liqasının seçmə mərhələsində “Bakı”ya qalib gəlib. Azərbaycanda baş tutan görüşdə qolsuz bərabərlik qeydə alınıb, Bolqarıstanda isə “Levski” qələbəyə sevinib – 2:0.
“Levski” bu mövsüm Avropa Liqasında I təsnifat mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda heç-heçə edən bolqarlar cavab görüşündə də bərabərə qalıb və penaltilər seriyasında rəqibini üstələyib. “Levski” II təsnifatda isə “Braqa” ilə ev oyununda qolsuz bərabərə qalıb. Cavab görüşündə isə əlavə vaxtda buraxılan yeganə qolla uduzub və turnirdəki çıxışını dayandırıb.