AZ

“Rusiya yeni Azərbaycanı qəbul etməyə məhkumdur” Deputat

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Düşünürəm ki, Rusiya rəhbərliyində, necə deyərlər, Kremlin qüllələri arasında Azərbaycana münasibətdə fərqli yanaşma mövcuddur. Elə dairələr var ki, anlayırlar ki, Azərbaycan müstəqil, kifayət qədər imkanı olan dövlətdir, Rusiya ilə münasibətləri süni şəkildə gərginləşdirməkdə maraqlı deyil. Amma onu da bilirlər ki, Azərbaycanla əlaltı kimi davranmaq mümkün deyil, biz buna yol verməyəcəyik. Ona görə də yeni yanaşmanın tərəfdarları kimi çıxış edirlər”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) qanunsuz quraşdırılmış büstünün sökülməsinə qarşı tərəfin reaksiyalarını şərh edərkən deyib.

Deputat bildirib ki, Rusiyadakı şovinist, yekəxana yanaşma sərgiləyənlər nümayiş etdirmək istəyirlər ki, onlar söz sahibidirlər, böyüyük, dədəlik edəcəklər. Biz nə deyiriksə, hamı onu etməlidir.

“Azərbaycan belə hallarla bağlı elə adekvat cavablar verir ki, geri addım atmağa məcbur qalırlar. Azərbaycan rus sülhmərmalılarını yola saldı. Rusiyanın vasitəçiliyini də rədd etdi. Rusiyanın təkliflərini də qəbul etmədi. Və Rusiya bununla hesablaşmağa məhkumdur. Əsas olan budur, qalanları xırda məsələlərdir. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy nə deyir desin, onun sözü ilə siyasət quran var? Əlbəttə ki, yox. Nə dedisə, cavabını da aldı. TASS agentliyi yaramazlığa yol verdi, ona deyildi ki, sabahdan biz başlayacağıq Kalininqradı Köniqsberq, Volqoqradı Sarısu adlandırmağa, yəni tarixi adları ilə, xoşunuza gələcək, ya yox. Ona görə də geri çəkilməli oldular”, - R.Musabəyov əlavə edib.

O ki qaldı TASS-ın “Stepanakert” ifadəsini “Dağlıq Qarabağ”la əvəzləməsinə, deputat söyləyib ki, bu adı istifadə etməklə düşünürlər ki, Azərbaycanın kefini pozacaqlar, bu o deməkdir ki, cılızlıqla məşğuldurlar. Azərbaycan “Stepanakert” ifadəsinə öz sərt mövqeyini bildirdi, əslində bununla da öz acizliklərini dünyaya nümayiş etdirdilər.

Heykəl məsələsinə gəlincə, R.Musabəyov deyib ki, onu boş yerə quraşdırmamışdılar: “Məqsədli şəkildə nümayiş etdirmək istəyirdilər ki, bizim torpaqlarda əbədi qalacaqlar. Belə ifadə işlədirlər ki, rus hərbçisinin ayağı hara dəydisə, onu oradan çıxarmaq mümkün olmayacaq. Biz onları vaxtından tez yola saldıq. O heykəllə yerli sakinlərə nümayiş etdirməli idilər ki, biz burada əbədiyik, biz isə göstərdik ki, çıxacaqsınız və əbədi qala bilməzsiniz. Bu, Azərbaycan tərəfindən sadəcə bir addım deyildi, tutarlı cavab idi. Yəni sən burada əbədi qalacağını göstərmək istəyirdin, biz isə nümayiş etdirdik ki, burada söz sahibi, qərar sahibi Azərbaycan hökumətidir, Azərbaycan dövlətidir”.

Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələdə necə davam edəcəyinə gəlincə, R.Musabəyov söyləyib ki, Azərbaycan Rusiya münasibətləri yenidən formalaşır və yeni Azərbaycanın artan qüvvəsinə hesablanıb. Eyni zamanda, Rusiyanın indiki kifayət qədər zəif durumu da nəzərə alınır: “İndi münasibətlərin yeni konfiqurasiyası formalaşır. Bu isə mübarizəsiz, hansısa belə hadisələr olmadan baş vermir. Hər bir halda Azərbaycan öz mövqeyində də yanaşmasında da düşünürəm ki, tarixin düzgün tərəfindədir, Rusiya o yeni reallıqları bilir, normal münasibət saxlamaq, qonşuluq siyasətini davam etdirmək istəyirsə, yeni Azərbaycanı qəbul etməyə məhkumdur”.

Pərvanə Sultanova  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
525.az

1Mənbələr