Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2025-ci il Azərbaycan incəsənəti üçün sarsıdıcı itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri ölkənin musiqi, kino, teatr və sənətşünaslıq sahəsində tanınmış simalarından bir neçəsi dünyasını dəyişdi. Onların vəfatı yalnız sənət ictimaiyyətini deyil, geniş ictimaiyyəti də dərindən sarsıtdı.
Sfera.az Azərbaycanın itirdiyi tanınmış incəsənət xadimlərini xatırladır.
2025-ci il 5 yanvar tarixində sevilən kino və teatr aktyoru Azər Baxşəliyev 39 yaşında vəfat etdi. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. Aktyorun dəfni böyük izdihamla, Yasamal qəbiristanlığında baş tutdu.
Yalnız 10 gün sonra, 15 yanvarda müğənni və aktrisa Çimnaz Sultanova doğum günündə – 43 yaşında dünyasını dəyişdi. Uzun müddətdir bağırsaq xərçəngi ilə mübarizə aparan sənətçi müalicə aldığı xəstəxanada vəfat etdi.
20 yanvarda isə əməkdar artist, teatr və televiziya aktyoru Möhsün Hüseynxanlı qəfil vəfat etdi. Onun vəfatı sənət dostları üçün gözlənilməz oldu.
Mart ayında da mədəniyyət sahəsi ard-arda iki ağır itki ilə qarşılaşdı. 12 martda tanınmış balerina, Xalq artisti Tamilla Şirəliyeva, 16 martda isə sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bu dünyaya vida etdilər. Hər iki şəxs Azərbaycan mədəniyyətində önəmli yerə malik olub, uzun illər gənc nəsillərin yetişməsinə töhfə vermişdilər.
16 martda, Xalq artisti, rejissor və aktyor Ənvər Həsənov da vəfat etdi. Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar, Prezidentin fərdi təqaüdçüsü idi.
Martın 21-də isə Azərbaycan folklorşünaslığı ağır itki yaşadı. AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli 79 yaşında dünyasını dəyişdi.
Aprel ayında “Azərbaycanfilm” kinostudiyasının məşhur kino rəssamı, Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat etdi. Onun kino və teatr sahəsindəki fəaliyyəti uzun illər yaddaşlarda qalacaq.
İyul ayında isə daha iki görkəmli şəxsiyyət həyatla vidalaşdı. 17 iyulda fleytaçı, professor, Əməkdar incəsənət xadimi Telman Hacıyev, 92 yaşında isə tanınmış xanəndə, Xalq artisti Arif Babayev dünyasını dəyişdi. Arif Babayevin muğam sənətindəki rolu əvəzolunmazdır və onun səsi bu torpaqlarda əbədi səslənəcək.
2025-ci il Azərbaycan mədəniyyətinə saysız-hesabsız töhfələr vermiş sənət xadimlərinin itkisi ilə yadda qalıb. Onların hər biri xalqın yaddaşında dərin izlər buraxıb.
Bəsti Rəfizadə
Sfera.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.