AZ

Mərkəzi Parkın ərazisinin genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək

Bakı, 1 avqust, AZƏRTAC

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” adlanan ərazidə salınan Mərkəzi Parkın ərazisinin genişləndirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı 2024-cü il noyabrın 7-də Mərkəzi Parkın üçüncü hissəsinin açılışında olub.

Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastruktur yaradılıb, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park ərsəyə gəlib.

Paytaxt sakinləri hesab edirlər ki, Mərkəzi Parkın ərazisinin növbəti dəfə genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək, onların istirahət imkanlarını genişləndirəcək.

Bakı sakini Günel Sadiqova bildirib ki, parkların ərazilərinin geniş olması arzuedilən haldır:”Bu parkı çox sevirəm, burada yaşıllıq var. Həm də təmizdir. Axşamlar ailəmizlə parka gəzintiyə çıxırıq. Geniş parklara ehtiyacımız var. Parklar nə qədər çox olsa, şəhər bir o qədər gözəl olar”.

Mərkəzi Parkın istirahət etmək üçün yaxşı məkan olduğunu deyən Sabir Axundov orada ətraf mühitin təmiz olduğunu vurğulayıb. Eyni zamanda, Bakıda parkların ərazilərinin genişləndirilməsinin və yaşıllıqların artırılmasının zəruriliyini diqqətə çatdırıb. “Bakıda yaşıllıqlar artmalıdır ki, hava da təmiz olsun”, - deyə o bildirib.

Paytaxt sakini Xatirə Əmirova söyləyib ki, Mərkəzi Parkın ərazisinin genişləndirilməsi təqdirəlayiq haldır:”Parkın aurası gözəldir. Hər gün burada gəzirəm. Əvvəllər burada köhnə evlər var idi. İndi isə ərazi abadlaşdırılıb. Tək bura deyil. Çox parklar təmir olunur. Şəhərimiz gözəlləşir. Prezidentimizə çox təşəkkür edirik”.

Mərkəzi Parkda istirahət üçün hər cür şəraitin olduğunu deyən Rasim Tağızadə yaşıllıqların Bakıya xüsusi gözəllik verdiyini diqqətə çatdırıb:”Yaşıllıqlar həqiqətən gözəldir. Buranın havası təmizdir. Prezidentimizə təşəkkür edirik ki, belə gözəl park yaradıb”.

Qeyd edək ki, son illərdə Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

Seçilən
90
1
azertag.az

2Mənbələr